Təhsil Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil etdiyi mediatur davam edir. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, mediatur çərçivəsində KİV nümayəndələri Ağdamın Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbində olublar.
Kənd orta məktəbinin 6 məzunu ötən il tələbə adını qazanıb. Məktəbin məzunlarından İlkin Məmmədzadə isə ötən il qəbul imtahanlarında 700 bal toplayıb və Tibb Universitetinə qəbul olub. 432 şagirdin təhsil aldığı məktəbdə 68 müəllim dərs deyir ki, onun da 57 nəfəri qadındır. Təhsil müəssisəsi cəbhə xəttindən 1 km aralıda yerləşir.
Çəmənli kəndinin sakinləri jurnalistləri görüb, problemləri də dilə gətiriblər. Onlar istər məktəbdə, istərsə də kənd ərazisində su probleminin yaşandığını bildiriblər.
Jurnalistlər rayonun Qaradağlı və Əhmədağalı kənd orta məktəblərinə də baş çəkiblər. Bildirilib ki, məktəblər cəbhə xəttinə yaxın ərazilərdə yerləşir və erməni işğalçıları tərəfində mütəmadi olaraq atəşə məruz qalır. Lakin buna baxmayaraq, məktəbin davamiyyətinə və şagirdlərin keyfiyyətli təhsil almasına heç bir maneə təsir etmir. Əhmədağalı kənd məktəbinin direktoru Aygün Məhərova bildirib ki, orta məktəb cəbhə xəttinin cəmi 800 metrliyində yerləşir: “Orta məktəbdə 223 şagird təhsil alır. Ötən il 6 məzun ali məktəbə, 3 nəfər isə kollecə qəbul olub”. Direktor deyir ki, rəhbərlik etdiyi məktəbdə müəllim çatışmazlığı yoxdur.
Ağdam məktəblərində hərbi hazırlıq dərslərinə daha çox diqqət ayrılması məqsədəuyğundur. Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur.
Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək.