Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-240, Kiçik Qafqazın çaylarında 50-180, Lənkəran-Astara bölgəsi çaylarında 20-190, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir.
Fevralın 8-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir.
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 75 sm, Şirvanda 82 sm, Bankədə 21 sm, Araz çayının Novruzlu məntəqəsində 61 sm artım, Salyanda isə son 3 gün ərzində suyun səviyyəsində əsasən azalma müşahidə olunub, lakin fevralın 08-də suyun səviyyəsində 20 sm artım qeydə alınıb. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.