Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 25-i axşamdan 26-sı səhərədək leysan yağışı nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi Balakən-Şəki bölgəsi çaylarında sululuq artıb, Talaçaydan sel keçib.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-70, Kiçik Qafqazın çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-80, Naxçıvan MR çaylarında isə normanın 40 faizini təşkil edir. Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 131 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici bir qədər az olmaqla 85.0 m3/s və ongünlük normanın 56 faizinə bərabərdir.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51.0 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 124 m3/s təşkil edib və ongünlük normanın 141 faizinə bərabərdir.
İyulun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 10 sm azalma, Salyanda 7 sm artım müşahidə olunub, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2012-ci il iyulun 26-da 380 sm), Şirvanda 153 sm (212-ci il iyulun 26-da 252 sm ), Salyanda 100 sm (2012-ci il iyulun 26-da 204 sm ), Bankədə 225 sm (2012-ci il iyulun 26-da 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2012-ci il iyulun 26-da 132 sm) təşkil edir.