“Yaxın müddətdə regionlardakı orta məktəblərdə işləyən müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Әliyev bildirib.
Sınaq qiymətləndirməsinin attestasiyadan fərqləndiyini xatırladan şöbə müdiri qeyd edib ki, attestasiyadan keçməyənlər sistemdən kənarlaşdırılırlar: "Sınaq qiymətləndirmənin nəticəsi diaqnostik xarakter daşıyır. Müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyyənləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır".
E.Әliyevin sözlərinə görə, sınaq qiymətləndirmədən sonra əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulur. Sınaq qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır. Onun sözlərinə görə, ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əməkhaqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər.