"Dənizkənarı Milli Parkda keçirilən tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Neftçilər prospektində, Hökumət Evinin qarşısındakı ərazidə ikimərtəbəli, yeraltı avtomobil dayanacağı bu tıxacların qarşısını almaq məqsədi ilə tikildi".
APA TV-nin məlumatına görə, dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var. Piyadalar üçün isə 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb.
"2012-ci ildə tikintisinə başlanılan 2 min avtomobil tutumuna malik olan ən müasir avadanlıq və sistemlərlə təchiz olunan iki mərtəbəli yeraltı dayanacaq istifadəyə verildi."
Dayanacaqda bütün sistemlər avtomatik işləyir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılıb. Burada işçilər üçün xüsusi otaqlar yaradılıb.
"Bu dayanacaq ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri ilə təchiz edilib. Məsələn, burda hər maşının üstündə gördüyünüz kimi belə bir boru yerləşir. Yanğın baş verərsə, boru avtomatik işə düşür və su tökülür. Bu da yardım gələnə qədər yanğının böyüməsinin qarşısını almağa yardımçı olacaq."
"Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Hər birində 130 kamera olmaqla 260 kamera təhlükəsizliyə nəzarət edir."
Səhər saatları olmasına baxmayaraq, dayanacaqdan istifadə edən sürücülər vardı. Amma bəziləri avtomobillərini tapmaqda çətinlik çəkirdilər.
Bayram Məmmədov, avtomobil sahibi:
- Yerini səhv salmışıq, tapa bilmirik. Amma çox gözəldir. İnsanların rahatçılığı üçün. qiymətlər yaxşıdır, fərqlidr.
- Mədəni, təmiz, səliqəlidir. Qiymətlərə gəldikdə, bura böyük vəsait qoyulub, yəqin ki, bu da özünü doğrultmalıdır. Amma arzu edərdim ki, dayanacaq tam gücü ilə işləyəndən sonra, maşınların sayı artandan sonra qiymət tarifinə yenidən baxılsın.
Dayanacaqda qiymətlər belədir - avtomobil saxlamağın 2 saatı 1 manat, 2-5 saatı 2 manat, 5-12 saatı 3 manat, 12-24 saatı isə 6 manatdır.