<b>Azərbaycanda anomal isti ayların sayı artır -</b> <span style="color:red;">RƏSMİ
24 may 2018 14:26 (UTC +04:00)

Azərbaycanda anomal isti ayların sayı artır - RƏSMİ

May ayı olmasına baxmayaraq, havanın temperaturu olduqca yüksəkdir. Hətta istilik iyul, avqust aylarındakı kimi hiss olunur. Bəs havanın temperaturunun bu qədər yüksək olması nə ilə əlaqədardır? Və may ayının bu cür isti keçməsi, qarşıdan gələn yay aylarında temperaturun daha yüksək olacağına dəlalət edirmi? 

 

Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a Lent.az-a bildirib ki, bu günlərdə havanın temperaturu iqlim normasından bir qədər yüksəkdir: “Mayın 23-də havanın temperaturu Bakıda və Abşeron yarımadasında çoxillik normadan 6 dərəcəyədək yüksək olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 26-33 dərəcə intervalında dəyişir. Statistik məlumatlara nəzər salsaq görərik ki, son illər anomal aylar üstünlük təşkil edib. Bu o deməkdir ki, son illərdə qlobal iqlim dəyişmələri Azərbaycanda da özünü büruzə verir və anomal isti ayların sayı artır”.

 

Mütəxəssis qeyd edib ki, anomal istilər nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada qlobal problemdir: “Qlobal iqlim dəyişmələri nəticəsində yay dövründə anomal isti günlərin sayı artır. İsti hava dalğalarının həm davamiyyəti, həm təkrarlanması çoxalır. İyun ayında belə kəskin istilər gözlənilməsə də, iyul və avqustda ayrı-ayrı dövrlər ərzində havanın temperaturu normadan bir qədər yüksək olacaq. Yəni əsas isti dövrlər bu iki aya təsadüf edəcək.

“Son illərin tendensiyası göstərir ki, Bakıda və Abşeron yarımadasında həm iyul, həm avqust ayında bəzi günlərdə havanın temperaturu 40-41 dərəcəyədək yüksəlir. Lakin bir məsələni ayrıca qeyd etməliyik ki, bizim temperatur göstəriciləri havanın obyektiv temperaturudur. Bütün dünyada olduğu kimi Azərbaycanda da temperatur xüsusi şəraitdə ölçülür. Yəni günəşin birbaşa termometrə təsiri olmur. Bu termometr kölgədə xüsusi köşklərdə yerləşdirilir. Havanın temperaturu bu stansiya şəraitində ölçülən temperatur göstəricisi ilə müəyyən edilir”.

 

U.Tağıyeva bildirib ki, bəzən mətbuatda havanın temperaturu ilə bağlı qeyri-dəqiq məlumatlar verilir: “Məsələn, yay yaxınlaşanda mətbuatda belə məlumatlar yayılır ki, bu, son dövrün ən isti yayı olacaq, yaxud qış gələndə də deyirlər ki, bu qış ən soyuq qış fəsli olacaq. Amma dünya təcrübəsində bu cür uzunmüddətli proqnozlar verilmir. Bu, bir ssenari, mümkün variantlardan biri kimi işlənir. Onların özünü doğrultma faizi isə 60-70 faiz olur. Son illərin tendensiyası elədir ki, istiləşmə prosesi gedir və ona görə də ehtimalla deyə bilərik ki, iyul və avqust aylarında bəzi dövrlərdə havanın temperaturu iqlim normasından yüksək olacaq. Yəni müşahidə edilən tendensiya bunu təsdiqləyir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Yasəmən Bağırova

Oxşar yazılar