“Bu il ali məktəblərə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərənlərin sayı 300 nəfər (13%) artıb”.
Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.
M.Abbaszadə bildirib ki, qəbul imtahanlarında 500-dən yuxarı nəticə göstərənlərin sayı 12,97% olub, ötən il isə bu rəqəm 12,6% təşkil edib.
Qurum rəsmisinin sözlərinə görə, ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030, bu il isə 11 999 nəfər olub: “Bu ilki imtahanların nəticələrinə əsasən deyə bilərik ki, I qrupda orta bal 2,6 bal (1,15%) artıb. II qrupda abituriyentlərin sayı azalıb və orta bal 11 bal (-4,16%) aşağı düşüb. III qrupda abituriyentlərin sayı 797 nəfər artıb və orta bal 6,67 bal (0,01%) artıb. V qrupda da ötən illə bu ilin arasında 12 bal (3.74) artım var. Ümumi bütün qruplar üzrə nəticələri götürsək, görürük ki, orta bal -1 bal (0,4%) aşağı düşüb. Ümumilikdə isə deyə bilərəm ki, bu il bakalavr pilləsində imtahan verən məzunların nəticələri ötən illə təxminən eyni səviyyədədir”.