Burunun selikli qişasının allergik iltihabı olan alergik rinit çox geniş yayılan xəstəlik sayılır. Uşaqlar arasında da bu problemə çox təsadüf olunur. Xəstəlik xüsusilə yaz aylarında kəskin əlamətlərlə özünü büruzə verir.
Allergik riniti hansı səbəblərdən yaranır? Əlamətləri hansılardır? Azyaşlılarda bu problem varsa necə davranmaq lazımdır?
E-tibb.az pediatr, uzman həkim Altay Abdullaoğlunun allergik rtinitlə bağlı fikirlərini təqdim edir.
Müxtəlif allergenlərin (allergiya verən maddələr) burnun selikli qişasına təsiri nəticəsində burun tutulması, qaşınması, axması, asqırma ilə özünü göstərən allergik bir xəstəlikdir.
Əsas yaranma səbəbləri:
Genetik və onu üzə çıxaran ətraf mühit amilləri. Bu allergenlərə ev tozu, ev içində yaşayan kif göbələkləri, fəsillə bağlı ağaclar, ot tozları və. s aiddir.
Bu xəstəlik təxminən 2 yaşdan yuxarı özünü daha aydın şəkildə göstərir. Belə uşaqlar sanki qrip olur, fasiləsiz burunlarını silirlər. Xroniki burun tıxanıqlığı nəticəsində üz adenoid şəklini alır, allergiyaya bağlı olaraq üzdə hərəkətlər diqqəti çəkər.
Bu xəstəliyin əlamətləri allergenlərdən asılı olaraq ilboyu və ya bir neçə ay davam edə bilir. Allergik rinitin fəsadları sinusit (burundan çoxlu ifrazat, başağrısı, halsızlıq) təkrarlayan orta qulaq iltihabı (otit), bəzən də astma, burun polipləri kimi ağırlaşmalar ola bilər. Bu xəstəlik astma xəstəliyi riskini artırır.
Müalicədə ən əsas olan allergeni ( allergiya yaradan səbəb) uzaqlaşdırmaqdır. Məsələn, yun yerinə pambıq yastıq və yataqlardan istifadə, evdə nəmliyin 45 faizdən aşağı olması - fəsillə bağlı yaranırsa pəncərələrin bağlı qalması, açıq havada eynək və maskalardan istifadə və. s kimi tədbirlər görülə bilər. Daha sonrakı mərhələ allergiya əleyhinə preparatlardan, yerli olaraq burun üçün steroid tərkibli spreylərdən ibarət olur.
Son illərdə müalicədə immunoterapiyanın da tətbiq olunması uzunmüddətli dərman müalicəsinin və astma inkişafının qarşısını almaqdadır.