Bu gün Ümumdünya Öpüş Günüdür. Lent.az-ın məlumatına görə, ilk dəfə Böyük Britaniyada qeyd olunub və illər öncə BMT tərəfindən də təsdiq edilib. Hələ qədimdə insanlar düşünürdülər ki, nəfəsdə ruh saxlanılır və öpüşən zaman ruhların birləşməsi baş verir. Ona görə də buna "Ruhların toyu" deyirdilər. İnsanlar televizorda aktyorların, küçədə insanların öpüşdüyünü görür və öpüşməyi məcburi bir hal kimi qəbul edirlər. Ekranda ilk öpüş 1896-cı ildə Tomas Edissonun "öpüş" adlı video rolikində göstərilib. Kino tarixində ən uzun öpüş "You're in the Army Now" filmində 185 saniyəlik kadr olub.
Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir - "ən uzun öpüş", "ən gözəl öpüş" və s. Minlərlə insan bu müsabiqələrdə iştirak etmək üçün həmin gün şəhərlərin əsas meydanlarına çıxırlar. Yeri gəlmişkən, ən uzun öpüş rekordu 2012-ci ilin fevralında Tailandda qeydə alınıb. Həmin öpüşün müddəti 50 saat 25 dəqiqə 1 saniyə olub.