Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan 40 km qərbdə (Metzamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismarına start verilmişdir. 1998-ci ildə baş vermiş zəlzələnin mərkəzi Metsamor stansiyasından 75 kilometr aralıda idi. O zaman sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. Bununla belə stansiyanın keçmiş Baş direktoru Suren Azatian müsahibələrindən birində hələ də Metsamordan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən Metsamor stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənsə də Avropa Birliyi bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirmişdir.
2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etmiş oldu. Həmçinin zəlzələ Beynəlxalq Atom Enerjisi Agentliyi və digər beynəlxalq qurumların məsələ ilə bağlı həssaslığının artırılmasını zəruriləşdirdi. Metsamorun region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. "Metsamor"un köhnə olmasını, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın 34 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu atom stansiyasının aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan tərəfi bir çox problemlərdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir, bütün təzyiq və narazılıqlara baxmayaraq AES-in fəaliyyətini davam etdirir.
Ermənistanın region üçün böyük təhlükə mənbəyi rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmamaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu sakitlik böyük bir faciənin başlanğıcı ola bilər.
Nailə Məmmədova
"Azerbaijan Realities"