APA-nın Qarabağ bürosunun xəbərinə görə, təqdim edilən sərgi müharibənin insanlara gətirdiyi acıları, məhrumiyyətləri ifadə edən fotolardan ibarətdir.
BQXK-nın əməkdaşı İlahə Hüseynova APA-nın Qarabağ bürosuna bildirib ki, fotoşəkillər komitənin əməkdaşları Marko Kokiç və Sitarə İbrahimova tərəfindən çəkilib. Bu fotolar BQXK-nın Azərbaycanda 22 illik fəaliyyətinin bir qismini əks etdirir: "Bildiyimiz kimi, BQXK münaqişə zonalarında fəaliyyət göstərir. Bizim əməkdaşlar da bu fotoları digər həmkarlarımızın münaqişə bölgəsində və müharibədən zərərçəkən insanların ailələri ilə apardığı iş zamanı çəkiblər".
İ.Hüseynova onu da bildirib ki, sərgi BQXK-nın yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsinə daxildir və fevralın 21-dək davam edəcək.
Tədbirdə Ağdam və Bərdə RİH-lərinin başçıları Nizami Sadıqov və Vidadi İsayev də iştirak ediblər. BQXK-nın Bərdə nümayəndəliyinin rəhbəri Nikolas Lamberd də iştirakçılar arasında olub.