BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, tədbiri açan rektor Elmar Qasımov tələbələrə Qordon Birellin fəaliyyəti haqqında qısa məlumat verərək, onun neft mühəndisliyi sahəsində uzun illər çalışdığını və 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti təyin olunduğunu deyib.
Rektor E. Qasımov Azərbaycanda neft-qaz sənayesinin inkişafından söz açıb. O bildirib ki, ölkəmizdə neft strategiyasındakı mövcud perspektiv imkanlar gənclərin BANM-ə marağını artırır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Q. Birrell BANM-in tələbələri üçün “20 illik uğurlu neft yolu “ mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda BP şirkətinin Azərbaycandakı 20 illik fəaliyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafında əldə olunan böyük uğurlardan bəhs edib.