Azərbaycanın ikinci böyük şəhəri hesab olunan, zəngin tarixi, mədəniyyəti ehtiva edən Gəncə bu gün yalnız regional şəhər deyil, müxtəlif siyasi, ictimai, mədəni, idman tədbirlərinin keçirildiyi qabaqcıl qitə şəhərlərindən biri kimi xarakterizə olunur. Təsadüfi deyildir ki, şəhərimizin 2016-cı ilin "Avropa gənclər paytaxtı" statusunu qazanması bu imicin təsdiqi, daim dünya mədəni irsinin ayrılmaz parçası hesab olunan Azərbaycanın beynəlxalq əhəmiyyətli uğurudur.
Qeyd etmək lazımdır ki, “Avropa gənclər paytaxtı" titulu bir il müddətinə verilir. Bu müddət ərzində həmin şəhərə gənclər üçün müxtəlif səpkili tədbirlər keçirmək imkanı yaradılır. Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Avropa Gənclər Forumu Avropa ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. Mənzil qərargahı Belçikanın Brüssel şəhərində yerləşən bu qurum 1996-cı ildə təsis edilmişdir, Hazırda Avropa ölkələrinin 40 Milli Gənclər Şurası və 57 Avropa səviyyəli beynəlxalq qeyri-hökumət gənclər təşkilatları beynəlxalq platformanın üzvüdür. “Avropa Gənclər Forumu” ilk dəfə Avropa Gənclər Paytaxtı layihəsini 2009-cu ildə həyat keçirmişdir. Avropa Gənclər Paytaxtının seçimi münsiflər heyəti vasitəsilə həyata keçirilir. Məhz Gəncə 2016-cı ilin “Avropa Gənclər paytaxtı” adını qazanmaq üçün namizədliyi qəbul edilən 12 şəhər sırasından seçilmiş 5 şəhərlə - İspaniyanın Badajoz, İrlandiyanın Qalvey, İspaniyanın Laquna, Bolqarıstanın Varna və Litvanın Vilnüs şəhərləri ilə final mərhələsində mübarizə aparıb və qalib olub. Bu isə Azərbaycanın istər regional gücünün təsdiqi, istərə də etibarlı tərəfdaşlığının və modern inkişafının təsdiqi baxımından əlamətdar hadisə, mühüm qələbədir. Bu ölkəmizdə aktiv gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir.
Tarixi şəhərimizin Avropa paytaxtı seçilməsi ilə Azərbaycan 2016-cı ildə “Gənclər paytaxtı” olaraq Avropada Gəncəni təmsil edəcək, bütün Avropa gəncləri bir il müddətində Gəncədə qonaq olacaqlar. Gəncə böyük və mötəbər tədbirlərin məkanına çevriləcəkdir. Həmçinin bir il müddət bizim gənclərimizin həyatında, inkişafında da xüsusi əhəmiyyət kəsb edən hadisəyə çevriləcək. Bununla biz öz mədəniyyətimizi, tarixi irsizimizi, ən əsas isə gəncliyimizi Avropada təqdim edəcək, zəngin Azərbaycan reallığını isbat edəcəyik.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı