Bir cənub şəhərində - REPORTAJ
08 oktyabr 2013 17:37 (UTC +04:00)

Bir cənub şəhərində - REPORTAJ

Bircə kitab mağazası da olsaydı...

 

 

Bura...

Bura Lənkərandır.

Universiteti, kollec, lisey və məktəbləri, televiziya şirkəti, teatrı, futbol komandası, fabriki, zavodu, kitabxanası, mədəniyyət sarayı, mayakı, dəmir yolu vağzalı, bir sözlə, metrodan başqa demək olar ki, hər zövqü-səfası olan gözəl məkan.

Dənizi, dağları, çayı, gölü demədim hələ.

Ziyalıları, zəhmətkeşləri, müharibə veteranları, fitri istedad daşıyıcıları olan sevimli və kompakt bir şəhər.

Bu yaxınlarda əntiq və ekzotik mallar mağazası da gördüm küçələrin birində, rəfiqəmlə birlikdə heyran olduq.

 

- Bircə kitab mağazası da olsaydı...

Hər zamankı nisgilimi bildirməliydim.

 

- Edərik, onu da açmaq fikrimiz var, - dedi əntiq mallar sahibi.

 

- Təki, - deyib bu son illər ərzində ilk dəfə eşitdiyimiz ümid dolu cümlənin başına gözəl bir ip də keçirib özümüzlə şən uşaq həvəsi ilə şəhər boyu apardıq, sonra isə yaxınlıqdakı şirniyyat kafesində çay içə-içə uzun-uzun müzakirə etdik onu.

O boynuna ip salıb buraxmaq istəmədiyimiz, itməsindən, tapdanmasından, yoxa çıxmasından qorxduğumuz xəfif, gözəl ümid cümləsi də yanımızdakı boş kürsüdə oturub bizi tənbəl-tənbəl dinləməyindədi.

 

Yerli aparıcı xanımlarımızdan biri də yanımıza gəlincə, onu da indicə üzbəüz oturduğu və ilk dəfə gördüyü bu ümid cümləsi ilə tanış etməkdən qürur duyduq, yadımdadır, o xanım necə də gözəl bir təbəssümlə uzun-uzun süzdü ümidimizi, necə də inamla dedi:

 

- İlk imkandaca bunu edəcəyəm!

 

 

 

AYB-nin Lənkəran şöbəsi

 

Bəli, Lənkəranda belə bir yer də var.

 

Yerli yazarların heç biri ilə və AYB-nin buradakı şöbəsi ilə əlaqəm olmadığına görə, fəaliyyətinin tempi və keyfiyyəti barədə danışa bilməyəcəyəm. Ədəbiyyat yaratmağı özünün bəlli yolu təyin etmiş bu qurumun balaca bir kitab dükanı açmaq üçün haralarasa müraciəti, heç olmasa mətbuat səhifələrində yerli yazarların və oxucuların heç də balaca problemi sayılmayacaq kitabsızlıq barədə çıxışları olubmu, bunu da deyə bilmərəm, zira, şahidi olmadım.

 

Elektron dünyadan kənarda qalmış, susqunluq və gözləmə mövqeyində olan şöbənin ətrafına yığılan bir-birindən dəyərli və istedadlı yazarların doğrudanmı kitab mağazasına, təqdimat və yarmarkalara, piara, oxucuya, lap elə kitabdan-ədəbiyyatdan gələcək pula-paraya ehtiyacları yoxdur?

Nə bilim...

 

 

Kitab evi kabusu

 

 

Lənkəran həm də özünün Kitab Evi ilə tamamlayırdı gözəlliyinin dəyərini əvvəllər.

İndi məhəllələrin birində, dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki uzunsov, işıqsız pəncərələrindən vaxtsız öldürülmüş varlığın öz vəziyyətini qəbul edə bilməyən kabusu kimi boylanır yanından o yana-bu yana ötən, keçən zamana və insanlara.

 

Amma vaxt vardı, özünün gülərüz, sevimli kollektivi, oxucu ordusu, yazıçı ruhları hopmuş bir-birindən qiymətli kitablarla qaynar həyatını yaşayırdı.

O qədər ümidliydi ki hər zaman beləcə sevimli və dəyərli olacağına...

 

 

 

 

“Dirol”, yenə də “Dirol”...

 

 

Azyaşlı məktəbli qohum uşağa ingilis dilini daha həvəslə öyrənmək üçün yarayacaq keyfiyyətli kitablar tapmaq ümidi ilə rayon mərkəzinin yeganə kitab satılan dükanına gəlirəm.

Adı “Dirol”dur buranın.

Əslində  kitab dükanı deyil, min cür xırdavat satılan yerdir; ikicə rəfi də kitablara ayrılıb.

 

Dörd kitab tapdım. Bunlardan yalnız biri azərbaycancadır, qalan üç kitab Moskva nəşridir və təbii ki, bizimkilərdən daha nəfis tərtibatı, məhz aşağı yaşlı uşaqlar üçün nəzərdə tutulan mətnləri ilə yerlə göy qədər fərqlənir. Elə buna görə də dilimizdə olan kitabı yerinə qaytarıb, “azsektor”a göndərsəm də, vaxtında öz uşaqlarıma rus dilində yazıb-oxumanı əməllicə öyrətdiyim üçün ürəyimdə bütün ölənlərimə rəhmət oxuyuram.

 

Kitabları alıb çantaya yığdıqdan sonra dükandan çıxmağa tələsmir, ölüvay bir ümidlə növbəti dəfə rəfləri nəzərdən keçirirəm. Bəlkə özüm üçün də almağa nəsə tapdım...

Eyvah!..

 

Burada müxtəlif dualar, yuxuyozmalar, qoroskoplar, kulinariya və meyxana kitabları gözə girir... Hə, “Neft fəlsəfəsi”də var, bəzi lüğətlər, Nabokovun “Lolita”sı, Koelyonun “Kimyagər”i, Darya Dontsovanın bir-iki rəngli romanı, Nəsiminin bir divanı, adda-budda yerli ədəbi camiənin poeziya-proza nümunələri... hə, bir də geninə-boluna Çingiz Abdullayev...

 

- Bunları alırlarmı? - yerli rusdillilərdən olan dükan sahibindən soruşuram.

 

- Almasalar gətirmərik ki? - məntiqli cavab verir.

 

- Niyə ciddi bədii əsərlər gətirmirsiniz?

 

- Ciddi? Yəni kitabxana kitabları?

Onun məntiqinə heyran olmaya bilmirəm,

 

- Onlar Mərkəzi Kitabxanada var da.

 

- Bəs müasir ədəbiyyat? Gənc yazarlarımız var, gətirin əsərlərini, buradakı tələbələr də alıb oxuya bilsinlər də...

 

- Gənc yazarlar da var?

 

- Əlbəttə var.

 

On-on beş imza deyirəm, heç birisini tanımır, amma söz verir ki, kitablarını Bakıdan tapıb gətirəcək, bir şərtlə ki, onları kimsə almasa, pulunu mən ödəməli olacağam.

...Deməyə söz tapmayıb dükanı tərk eləyirəm.

 

 

Kitabxanalar

 

Mərkəzi Kitabxana var və hal-hazırda da fəaliyyət göstərir.

Əsasən tələbələr yararlanırlar. Amma tələbələrin də özlərinin Elmi Kitabxanaları var, LDU-nun nəzdindəki bu kitab məkanından ancaq universitetin öz tələbə-müəllim heyəti kitab ala bilər, o da nüsxəsi çox olanları. Az nüsxəli olan kitablar fondda saxlanır və yalnız oxu zalı üçün nəzərdə tutulur.

Kənd kitabxanaları isə…

Onlar çoxdan unudulublar artıq, müstəqilliyin ilk illərindən bu yana qapıları açılırmı, açılmırmı, kim  bilir.

 

azerbaijans.com saytında Kitabxanalar bölməsində rayonumuza aid yeri tapıb oxuyuram:
“Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi 94 kitabxanadan ibarətdir. MKS-də 962200 nüsxə kitab var. Mərkəzi kitabxananın hazırda 8 mindən artıq oxucusu var, kitab verilişi 165600 kitab nüsxəsi təşkil edir. Kitabxana fondlarından istifadə edən oxucuların sayı 73,6 min nəfərdir.
Ünvan: Lənkəran şəhəri, H.Əliyev küçəsi”

 

Oxucular

 

Çox azdırlar onlar indi.

Az olmayan qisim isə…

Onlar son iyirmi ildə bütün dünyaya hakim olan ruh düşkünlüyünün və yaşamaq üçün çaba narahatlıqları yükünün altında son dəfə nə zaman kitab oxuduqlarını xatırlamırlar bəlkə də.

 

Amma bu hal nisbidir, iyirmi il əvvəl sevgi ilə, həyəcanla yeni kitabları arayıb-tapan, alan, qoruyan, hədiyyə edən, evinin yuxarı başında yer verən insanlar sussalar belə, içlərində bir kitab nisgili mütləq daşıyırlar, əminəm.

Və  lənkəranlıların az qala hansı birinin evinə getsən, orada ötən əsrdən qalma, kiril əlifbalı nəsr və poeziya kitablarını görə bilərsən, kiminin evində unudulmuş bir taxça küncündə bəlkə, kiminin evində divarboyu şkafda…

 

Əlahəzrət kapitalizm

 

Kimsə ürək qızdırmır, kimsə cəsarət eləmir əyalətdə kitab biznesi başlamağa, məlum məsələdir bu.

 

Yerli TV-nin gözəl bir rubrikası var, yeni nəşr olunmuş kitabları təqdim edirlər, yazar və əsər barəsində qısa məlumat çatdırmağa çalışırlar tamaşaçılara.

Bir dəfə əməkdaşlarından soruşdum ki, o kitabların buralarda satış məkanı varmı?

“Yoxdur” dedilər, sadəcə paytaxtda çıxan yeni kitablardır, biz də bu cür də olsa, onları tanıtmağa cəhd edirik.

Amma kaş heç olmasa teleşirkətin özünün yanında da olsa, həmin kitabların satışını sınayaydılar, bu cür təqdirəlayiq rubrikanın da mahiyyəti “Marsda həyat var” məsəlinə bənzəməyəydi…

 

Cavidan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar