Bu gün bizim günümüzdür! Gənclərin günü. Bu gün Azərbaycanın qazandığı ən böyük uğurlardan biri də yüksək əqli inkişafa malik, hər cür innovasiyalara açıq, ideyalarla dolu zəngin gənclik potensialına malik olmasıdır. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra təməl daşı ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş əsas prioritet olan gənclər siyasəti gənclərin dövlətimizin qüdrətli dövlətə çevrilməsi istiqamətində iştirakına şərait yaratmışdır. Bu ona görədir ki, gənclik hər bir millətin gələcəyidir. Hər bir dövlətin qüdrəti, onun müstəqilliyi, gələcəyin etibarlı təminatı ölkədə mövcud intellektual gənc kadrlardan asılıdır.
Məhz buna görə də ümummilli liderimiz Heydər Əliyev ölkə siyasətində gənc nəslin inkişafına, onun düzgün yetişdirilməsinə, gənclərin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında layiqli təmsil olunmasına, gənclərin milli kadr kimi formalaşmasına daim diqqət ayırmışdır.
“Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir!” deyən ulu öndər Heydər Əliyev bu gələcəyi möhkəm əsaslarla qurmaq naminə sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir.
1997-ci il fevralın 1-də gənclərin I forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Heydər Əliyev fevralın 2-də Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzalamışdır ki, bu vaxtdan etibarən artıq 14 ildir Azərbaycanda gənclər günü təntənəli şəkildə qeyd edilir.
Bu gün də bu siyasət uğurla davam etdirilir. Gənclərə ayrılan qayğı günbəgün artmaqdadır. Ölkədə Gənclər Forumunun mütəmadi keçirilməsi, gənclərin müxtəlif olimpiya oyunlarında iştirakına şərait yaradılması, onların idmana olan marağının artırılması, beynəlxalq müsabiqələrdə gənclərin önə çəkilməsi, eləcə də onların yüksək ixtisaslı kadrlar kimi yetişməsi məqsədilə xarici ölkələrə təhsil almağa göndərilməsi və s. gənclərə olan qayğının bariz nümunəsidir.
Bu qayğıya cavab olaraq da təbii ki, Ümummilli Liderimizin də dediyi kimi, “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı