<b>Bakıda manyakın təhqir etdiyi uşağa necə kömək etməli?</b> - <span style="color:red;">PSİXOLOQ RƏYİ
21 aprel 2016 16:58 (UTC +04:00)

Bakıda manyakın təhqir etdiyi uşağa necə kömək etməli? - PSİXOLOQ RƏYİ

 

Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən şəxslə bağlı Lent.az-da xəbər vermişik. Xəbərdə bildirilirdi ki, mart ayında Bayıl qəsəbəsində yaşayan 16 yaşlı oğlan Mikayıl Useynov küçəsində bir neçə yeniyetməyə qarşı təhqiramiz hərəkətlər edib və həmin uşaqların üstündəki pulu götürdükdən sonra onların üzərinə təbii ehtiyacını yerinə yetirib.

 

Təhqir olunan uşaqlardan 11 yaşlı Asimanın anası Əsmayə İmranova (adlar şərtidir) bu barədə polisə ərizə yazsa da, polislər bu məsələyə biganə yanaşırlar. Sözügedən manyak hazırda azadlıqdadı.

 

Manyakın təhqir etdiyi Asiman isə artıq məktəbə getmir. Anasının sözlərinə görə, uşağın müalicəsi hələ də davam edir: “Hər həftə psixoloqun yanına aparıram. Amma çox çətindir, neçə dəfə evdən qaçıb, neçə dəfə ülgücü əlindən almışam. Amma hələ də məktəbə gedə, uyğunlaşa bilmir. Mən də hər bir valideyn kimi istəmişəm uşağımı yaxşı böyüdüm. Yoldaşımdan ayrılmışam. Kiçik bacımla birgə Bayılda kirayə ev tutmuşuq. Elə olub ki, evin pulunu verə bilməmişəm, oğlumla gecəni parklarda keçirmişəm. “Nizami” metrosundan Bayıla piyada getdiyim günlər olub. 40 qəpik pula görə ki, istəmişəm uşağım yaxşı təhsil alsın, oxusun. Tək qadınam, uşağımı rus bölməsində oxutdururam. Niyə görə mənim əziyyət çəkib böyütdüyüm oğluma qıraqdan kimsə gəlib belə bir zərbə vursun”.

 

Ağır psixoloji travma alan azyaşlı oğlanın psixi vəziyyəti və ona bu halda hansı formada kömək etməyin mümkünlüyünü öyrənmək üçün tanınmış uşaq psixoloqu Narınc Rüstəmova ilə danışdıq. N.Rüstəmova manyakların əslində ruhi xəstə olduğunu deyir: "Bu insanlara baxanda görürük ki, onlar dəfələrlə ruhi dispanserdə yatmış insanlardır. Müalicədən sonra ailə onlarla maraqlanmır. Düşünür ki, problemlər yaşatmasın, bəsdi. Ona görə də belə ruhi xəstələr nəzarətsiz qalır. Təfəkkür qırıqlığı olduğuna görə belə xəstələr öz hərəkətinə cavabdehlik daşımır. Manyaklarda heyvanı hisslər üzə çıxır və onlar ovçu rolu oynamağa başlayır. Ovçu da həmişə sürüdə ən zəif, qorxaq olanını seçir. O, kənardan baxır, müşahidə edir. Hansı uşaq təkdi, diqqətdən kənardırsa, tək oynayırsa, onu da seçir. O görsə ki, uşaq güclüdü, ona heç vaxt yaxınlaşmayacaq. Onun üçün də biz uşaqlarımızı sağlam psixikada böyütməliyik ki, elə situasiyalarda özünü qoruya bilsin. Elə manyaklar güclünün yanında qorxurlar, gücsüzün yanında isə güclü olurlar. Bu, instinktdir, heyvani bacarıqdır. Bu, hamımızın içində var. Amma biz ağlımızla onu tənzimləyirik. Manyaklarda heyvani bacarıqlar çox üstün olur. Ruhi problemlər olanda, ağıla nəzarət zəif olur deyə heyvanı bacarıqlar üzə çıxır və insan vəhşi bir varlıq olur".

 

Psixoloqun sözlərinə görə, bu halda birmənalı olaraq hüquq mühafizə orqanlarına məlumat verilməlidir: "Belə ruhi xəstələr dispanserə yönləndirilməli və məcburi müalicəyə cəlb edilməlidir. Bu məsələ yerində araşdırılmalıdır. Psixi zorakılıq göstərən belə ruhi xəstələrin nəzarətdən kənar qalmamalıdır. Bu gün psixi zorakılıq göstərən ruhi xəstə gələcəkdə başqa şeylər də edə bilər. Ruhi xəstələrə şiddət də göstərmək olmaz. Bu, çıxış yolu deyil. Döyməklə onu düzəldə bilmərik. Döyülərsə, daha da aqressivləşə, xətər yetirə bilər. Xüsusən də azyaşlı uşaqlara. Hətta ölümlə də nəticələnə bilər".

 

Manyakların qurbanına çevrilmiş uşaqlara gəlincə, onlar da müalicə almalıdır. Həkim deyir ki, belə uşaqlar məktəbə getmək istəmir, evə qapanır, çölə çıxmağa qorxur. Bu, uşaqlar üçün böyük travmadır. Biz bir hadisəni uşağın beynindən silə bilmərik. Amma bəslədiyi emosiyaları, hissləri dəyişə bilərik. Belə uşaqlar yuxuda diksinirlər, ağlayırlar, yuxuları pozulur. Uşaq daha ağır travma almadan, uşağa psixoloji dəstək verilməlidir. Yuxarıda sözügedən hadisədəki 11 yaşlı Asimana gəlincə, Psixi Sağlamlıq Haqqında qanuna əsasən, uşaq Psixi Sağlamlıq Mərkəzinə müraciət etməli, hər tərəfli müayinələrdən keçməlidir. Orda onunla həm uşaq psixoloqu, həm də psixo-terapevt işləyəcək. Yaxud valideyn özü hansısa özəl müəssisəyə müraciət edib, uşaq üçün psixoloji dəstək almalıdır".

 

Belə hallarda əksərən ailələr ünvanı dəyişməyə üstünlük verirlər. Bəs bu nə qədər dorudur? N.Rüstəmova bu suala cavabında deyir ki, ünvan dəyişmək problemin həll yolu deyil: "Bu, hadisəni müvəqqəti həll edə bilər. Uşaq özünü müvəqqəti yaxşı hiss edə bilər, amma aldığı travma azalmır. Amma bu assosiasiya ilə bağlıdır. Sabah hansısa emosiya ona hadisələri xatırladacaq. Ünvan dəyişməsə, daha yaxşıdı. Mühit dəyişkənliyi də uşağa ayrıca travma vuracaq. Yaxşı olar ki, dəyişməsinlər. Psixoloq dəstəyi alsa, uşaq vəziyyətdən çıxacaq. Psixoloq tək uşaqla deyil, ailəylə də işləyəcək. Çünki belə halda tək uşaq deyil, ailə də travma alır".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar