Səsli-küylü “Kubinka” bazarı. İllər öncə o bazarda ailələrinə yardım etmək üçün su satırdı bir neçə uşaq. Əksəriyyətinin on iki-on üç yaşı olan oğlan uşaqlarının arasında bir qız da vardı. Solmaz adlı bir qız. Sizə düz altmış ildən sonra, indi artıq yetmiş iki yaşı olan o qızın - Solmazın hekayətini danışacağıq...
Solmaz nənə Xudatın Bostançı kəndində doğulub. 1943-cü ildə. Ailəsi Bakıya o, uşaq olanda köçüb. İlk günlərdə ata-anasının əziyyəti çox olub. Sonra dolanışıq yaxşılaşmağa başlayıb. Bir məhəllənin on dörd mənzilini almaq imkanları yaranıb. Alıblar da.
Qızlar yavaş-yavaş böyüyür, analarının isə həyat yoldaşı ilə münasibətləri kəskinləşirdi. Amma nə ana, nə də ata bu barədə uşaqlara heç nə demirdilər. Və günlərin birində qızlar ancaq analarını gördülər yanlarında. Uzun müddət mağazalarda çalışan ata artıq onlarla bir evdə olmayacaqdı. Yavaş-yavaş maddi sıxıntıları yarandı ailənin. Mənzilləri kirayəyə verməyə başladılar. Bu da yetmədi. Uşaqlar böyüdükcə, ehtiyaclar da böyüdü. Ana çıxış yolunu mənzilləri satmaqda gördü. Özü isə yaxınlıqdakı məktəblərdən birində xadimə işinə düzəldi.
“Biz böyüyürdük. - Solmaz nənə danışıb. - Anam çox əziyyət çəkirdi. Oxumaq bir yana, gecə-gündüz düşünürdüm ki, bacılarıma, anama necə kömək edim? Küçələrdə su satan oğlanlara qoşulmaq qərarına gəldim. Nə olsun ki, qız idim. Kiminsə oğlundan əskik olmaq istəmirdim”...
Solmaz nənə deyib ki, anası fağır qadın olduğundan heç vaxt, heç kimə “sən bu şeyləri belə elə” deməzmiş: “Mən bacılarımdan tez böyümüşdüm, elə bil. Anamı anlayırdım. Elə bilirdim ki, bu ailənin yükünü çəkməyə borcluyam. Ona görə özümü hər işə verirdim. Öz zəhmətimlə qazanırdım. Çox çətin idi. . İndi də mənə qəribə gəlir ki, uşaq olmaq necə şeydir görəsən?! Anama baxanda çox pis olurdum. İstəmirdim elə əziyyət çəksin. Kiminsə ayağının altını süpürsün. Nə qazanırdı ki?! Qazandığı o vaxtın puluyla 20 manat idi. Bacım da o zaman Volodarski adına tikiş fabrikində işləyirdi. 70 manat da o alırdı. Amma ailəmiz 90 manatla ayı başa vura bilmirdi. O üzdən mən böyük bacımın da, anamın da, özümün də, məndən kiçiyin də əvəzində işləməli idim. Anamın gözlərinə baxanda bilirdim ki, mənim uşaq olmağa vaxtım olmayacaq. Evimiz, bacılarım, anam, ehtiyaclar, problemlər, atasızlıq və s. Vaxtım onların əsiri idi".
Beləliklə, küçələrdə su satmağa başlayıb on iki yaşlı Solmaz. Bu iş həm də onun uşaqlıq əyləncəsi olub. Bəlkə də, elə bu üzdən dözüb, ayaqda dura bilib. Su satmağa başlamasından danışanda üzündəki təbəssümə görə belə düşündüm nədənsə...
“O vaxtlar həmin məhlələrin cayılları yaxşı dolandırdıqları ailələrinin, xüsusən də qız uşaqlarının oxuması, təhsili üçün bir manat nədir, heç bir qəpik də xərcləməzdilər. Təhsilsizlik, alver, bir də o zəhirmar, ağ ölüm dediyimiz narkotik yıxdı içi saf, təmiz, "kubinka" cayıllarının evini".
Bu sözləri isə verilişdən əvvəl Solmaz nənənin böyük qızı Xatirə xanım deyirdi.
Qızların təhsilinə pul xərcləməmək əlibərklik deyildi. Onların öz şivəsi ilə desəm bu, sadəcə, “əgib idi”… Bax həmin "eyib" sonra o məhlə uşaqlarının hamısına kişili-qadınlı problemlər yaratdı. Savadsız, amma sadə və mehriban olsalar da nə qədər insan təkcə ata-anasının deyil, həm də uzun illər öncə babalarının buraxdığı səhvlərin qurbanına çevirildi...
Günlərin birində məktəb yoldaşlarından anasının xadimə olmasına görə tənə eşidir Solmaz. Bu, ona anasını işdən uzaqlaşdırmaq üçün tutarlı bəhanə olur. Anasına deyir ki, 20 manata görə xadimə işləməsini istəmir. Anası da qızının sözünü eşidir. Həmin gündən nə anası məktəb siniflərini yığışdırmağa, nə də bacıları ona kömək eləməyə gedir...
Həyatlarının öz axarına düşdüyü günlərin birində həbsxanadan məktub alırlar: “Vəziyyətim yaxşı deyil. Gəlib-gedənim yoxdur. Məni tək qoymayın”. Atası idi. İllər öncə anasını və onları tərk edib getməsinin niyəsini bilmədiyi atası. Yəqin ki, ticarət işiylə bağlı yol verdiyi səhvlərə görə cəzalandırılmışdı. Əvvəl getmək istəmir. Sonra anası deyir ki, atanızdır, getmək lazımdır...
Uzun illərdən sonra ilk dəfə atasını həbsxanada görəndə ona bərk-bərk sarılıb hönkür-hönkür ağlayıb. Niyə ağladığının səbəbini indi də bilmir: “Bəlkə də, ona görə ağlayırdım ki, o, bizi atmasaydı, nə özünün, nə də bizim başımıza bu işlər gəlməzdi. Bəlkə də, mən elə beləcə atasına sığınan balaca bir qız uşağı olacaqdım. Su, çörək satmağa, evlərə neft daşımağa, həbsxana qapılarına getməyə məcbur olmayacaqdım”...
Amma artıq gec idi. Hamı yerbəyer olmuşdu. Lakin bu həyatda Solmazın payına on beş yaşından atasının dalınca Keşlədə yerləşən cəzaçəkmə müəssisəsinə düz altı il gedib-gəlmək də düşmüşdü...
“Bilmirəm niyə, amma anam həmişə ümidli idi ki, bir gün atam dönəcək. Dönüb ona yenidən həyat yoldaşı, bizə də ata olacaq. Anam üzülməsin deyə hər həftə atama baş çəkmək üçün həbsxanaya gedirdim. Ona geyim, yemək aparırdım. Anam hamımızın içində atamın dönəcəyinə bir ümid işığı yandırmışdı. İkiqat-üçqat işləyib qazanırdım. "Kubinka"da yaşamaq mənim üçün həm də o mənada yaxşı idi ki, artıq böyük alver işlərinə başlamışdım. Məsələn, görürdüm biri ev, mətbəx əşyası istəyir. Onu tanıdığım alverçilərdən tapırdım, üstünə bir az da özüm pul əlavə edib satırdım”...
Atası cəza çəkdiyi müddətdə keçmiş ailəsi ilə əlaqə saxlasa da, cəzasının başa çatması haqda onlara heç nə demir. Həbsxanadan çıxandan sonra başqa qadınla evlənir. O nikahdan bir oğlu, bir qızı dünyaya gəlir: “Bu, bizim ağlımıza gəlməyən addım oldu atam tərəfindən. Şəxsən mən başqa şey gözləyirdim. Anam yenə susdu. Nə hərdən bizə baş çəkməyə gələn atama, nə də bacı-qardaşıma bir söz dedi. Mən də susdum. Dedim nə də olsa, adı atadır. Qoy görsünlər ki, mənim də atam var. Sadəcə, gəlib-getsin deyə susdum. Amma içimdə bilirdim ki, onun gəlib-getməsinin mənə heç bir əhəmiyyəti yoxdur”...
Artıq on yeddi yaşı var idi Solmazın, ailə qurmuşdu. Özü də həbsxanadan çıxmış biri ilə. "Qorxmadınız ki?" sualına belə cavab verib Solmaz nənə: "Qorxmadım və bütün xoşbəxt günlərimi ailə qurandan sonra yaşadım. “Əlabbas idi adı. Çox yaxşı adam idi. Zirək adam idi. Daşdan pul çıxarırdı.
Ailəsinə görə hər şey edirdi. Əlabbasın atası oğru dünyasının adamıydı. O vaxt Xudat tərəflərdə onun adı çəkiləndə çoxu qorxusundan nə edəcəyini bilməzdi. Amma evdə biz bunu hiss eləmirdik. Yəqin, elə zəhmli və yaxşı ailə başçısı olmaq ona atasından keçmişdi”.
İllər sonra yeddi övladına və özünə ağır zərbə dəyir Solmaz nənənin. Həyat yoldaşını itirir. Amma bu da son olmur. Onun taleyində övlad acısı yaşamaq da varmış: “Mənə ağır zərbə oldu oğlumun dünyasını dəyişməsi. İndi də özümə gələ bilmirəm. Nə yaşda olur olsun, nə qədər ki, ana sağdır, bala elə körpəcə baladır. O öləndə mən elə bildim ki, qucağımdan körpə balam gedib. Amma gəlinim mənə elə onu xatırladır, yanımdadır deyə”.
Söhbət boyu onun üzündə, cizgilərində balaca Solmazı axtardım. On iki yaşlı o qızcığazı... Su satan, neft daşıyan, kababçılara çörək paylayan, alver edən balaca qızı... Yox idi. Nədənsə düşündüm ki, onun on iki yaşı olanda da elə yetmiş iki yaşı olub... Fərq bircə budur ki, indi yaşı həm də görünüşü tamamlayır. Və bir də onu düşündüm ki, görəsən, indi yetmiş iki yaşlı neçə balaca Solmazı var dünyanın ?!.. Məncə, çoxdular, lap çox...