Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb. "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq. Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdı. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.