Bakıda sürüşdürülən binanın sakinləri prezidentə müraciət etdilər
18 aprel 2013 18:47 (UTC +04:00)

Bakıda sürüşdürülən binanın sakinləri prezidentə müraciət etdilər

Bakı şəhəri, Füzuli küçəsi, ev 39 ünvanında yerləşən tarixi binanın sakinləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.

 

Lent.az-ın verdiyi məlumata görə, sakinlər müraciətdə Bakının mərkəzində yaşadıqları ərazidə Qış bulvarın salınması və bununla əlaqədar olaraq binalarının  geriyə sürüşdürülməsi, binada bərpa işlərinin  aparılması  layihəsini də böyük sevinclə qarşıladıqlarını bildirirlər.

 

Sakinlər qeyd edirlər ki, 2012-ci ilin noyabr ayında Bakı şəhəri İcra hakimiyyətinin başçısı Hacıbala  Abutalıbov  sakinlərlə görüşündə binanın sürüşdürülməsinin beynəlxalq nüfuzlu  “Bresser Eurasia”  Niderland  şirkəti tərəfindən təhlükəsiz həyata keçirilməsinə, eləcə də sakinlərin  bütün işlər başa çatdırıldıqdan sonra  binaya qayıdacağına söz verib. Hacıbala Abutalıbov bütün bunlara şəxsən özünün, onun sözləri ilə desək, “canlı qarant“ olduğunu söyləyib: “Hazırda binanın sürüşdürülməsi üçün aparılan hazırlıq işləri başa çatmaqdadır və sürüşdürülmə prosesi 18 aprel tarixinə təyin edilib. Bu tarixi hadisəyə iki gün qalmış  R. Mehralıyevin  rəhbərlik  etdiyi Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin məmurları sakinləri  yığıb kvadrat metr üçün 1500 manatdan hesablanaraq mənzillərin alqı-satqı prosesini həyata keçirmək məqsədləri haqqında məlumat veriblər.  Bakı İcra Hakimiyyətinin məmurları təcili alqı-satqı vəziyyətinin yaranması məcburiyyətini binanın sürüşdürülmədən sonra qəza halına gələcəyi ehtimalı ilə izah ediblər. Məmurların  ən azından təəccüb doğuran bəyanatından dərhal  sonra “Bresser Eurasia” Niderland şirkətinin rəsmi bəyanatı açıqlandı.  Bəyanatda , eyni zamanda şirkət tərəfindən keçirilən mətbuat konfransında bildirildi ki, binada heç bir qəza təhlükəsi yoxdur, binanın sürüşdürülməsi uğurla başa çatdırılacaq və şirkət, sakinlərin binada təhlükəsiz yaşamasına tam zəmanət verir”.

 

Sakinlər müraciətlərində nəzərə çatdırırlar ki, daşınmaz əmlak bazarında bu ərazidə yerləşən mənzillərin kvadrat metri 2500-3500 manat dəyərində qiymətləndirilir: “Hacıbala Abutalıbov da görüşdə etiraf etdi ki, Qış Bulvarın salınması başa çatdıqdan və yaşadığımız  tarixi binada bərpa işləri yekunlaşdırıldıqdan sonra mənzillərin qiyməti 5000 manatadək qalxacaq. Ancaq biz sakinlər təmir işləri bitdikdən sonra öz mənzillərimizə bizə vəd edildiyi kimi qayıtmaq istəyirik və evlərimizi satmaq niyyətində deyilik. Cənab Prezident, Siz hər zaman vurğulayırsınız ki, məmurların işinin mərkəzində əsas olaraq insan amili olmalıdır və məmurlar vəzifəyə təyin olunarkən onların peşəkarlıq səviyyəsi və insani keyfiyyətləri nəzərə alınmalıdır.  Maraqlıdır, bu məmurlar öz məqsədlərinə nail olmaq üçün bilərəkdən nəinki həqiqətdən uzaq olan, hətta  dövlətimizin beynəlxalq nüfuzuna və dünya miqyasında tanınmış xarici şirkətin işinə və adına xələl gətirən və nəhayət adi vətəndaşların mülkiyyət haqqını pozan yanlış məlumatı dəlil kimi istifadə etməsi sizin siyasətinizlə nə qədər uyğun gəlir?  Cənab Prezident, bütün bunları nəzərə alaraq, xahiş edirik ki,  evlərimizə  tez bir zamanda qayıtmağımıza və bizim mülkiyyət hüquqlarımızın qorunmasına  Siz qarant olasınız! Sizin ədalətinizin və yüksək insani dəyərlərə hörmətlə yanaşmağınızın dəfələrlə şahidi olmuşuq. İnanırıq ki, bu məsələdə də mərhəmətinizi bizdən əsirgəməyəcəksiniz. Əvvəlcədən Sizə təşəkkürümüzü bildiririk”.

                                  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002
avatar

Oxşar yazılar