Azərbaycanda təhsilin inkişafının müasir mərhələləri
03 fevral 2015 10:31 (UTC +04:00)

Azərbaycanda təhsilin inkişafının müasir mərhələləri

Azərbaycanda təhsil sisteminin tarixi dərin köklərə dayansa  da, onun müasir inkişafını 3 əsas mərhələyə ayırmaq olar:
1918-1920-ci illər arasında Azərbaycan Xalq Cumhuriyyəti dövrü;
1920-1990-cı illər arasında Sovet hakimiyyəti dövrü;
1991-ci ildən bu günümüzə qədər mövcud olan təhsil sistemi;
Xalq Cumhuriyyəti dövründə hökumətin milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verməsi o dövrdə bir çox təhsil islahatlarının aparılması ilə (təhsilin Azərbaycan-türk dilində aparılması, məktəblərin milliləşdirilməsi, pedaqoji kursların təşkili, Bakı Dövlət Universitetinin yaradılması və s.) nəticələnmişdir.
Sovet hakimiyyəti dövründə azərbaycanlıların rəhbər vəzifələrdən uzaq tutulması, ixtisaslı kadrların azərbaycanlılardan deyil, yalnız ruslardan ibarət olması həmin dövrdə Azərbaycanda təhsil sisteminin və kadr potensialının zəifləməsinə gətirib çıxarsa da, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi vəziyyəti kökündən dəyişdirmişdir. “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycan təhsilinin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun sayəsində ötən əsrin 70-80-ci illəri Azərbaycan təhsilinin coşqun yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olmuşdur. Keçmiş SSRİ - nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illərdə ulu öndər digər sahələrlə yanaşı, super dövlətin təhsil sisteminə, eləcə də, SSRİ-də keçirilən ümumtəhsil və peşə məktəbi üzrə islahat prosesinə rəhbərlik etmişdir. 70-80-ci illərdə Heydər Əliyevin qayğısı nəticəsində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. 1973-cü ildə ümummilli liderin təşəbbüsü ilə Bakıda yaradılan Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynamışdır. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1875-ə çatmış, 1979-cu ildə orta məktəblərin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artmışdır. 
Respublikamız müstəqillik əldə etdikdən sonra təhsil sahəsində zəruri olan islahatların aparılması aşağıdakı istiqamətlər üzrə planlaşdırılmışdır:
Təhsilin keyfiyyətinin artırılması;
Təhsilin beynəlmiləlləşdirilməsi;
Müstəqil təhsil sisteminin yaradılması;
Təhsil sahəsində idarəetmə mexanizminin formalaşdırılması;
Kadrların hazırlanması mexanizminin təşkili
90-ci illərdən etibarən Sovet təhsil sistemindən modern təhsil siteminə keçidin əsasında aparılan ilahatlardan ilk ən vacibi 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması olmuşdur. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra ali məktəblərdə ali təhsilin ikinci – magistratura pilləsinə keçilməsinin tətbiqi başlayıb. Daha sonra 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunandan etibarən bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter almağa başlamışdır. 
Ali təhsil sahəsində islahatlar əsasən Avropa strukturları ilə, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ali təhsil sahəsində Respublikamızın  həyata  keçirdiyi ən vacib islahatlardan biri Boloniya sisteminə keçidin əsasının qoyulması olmuşdur. Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan və 1999-cu ildə başlamış bu prosesə ölkəmiz 2005-ci ildə qoşulmuşdur. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Ali təhsil islahatlarında qəbul olunan dövlət proqramlarında əsas məqsəd ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.
Həmçinin 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanda təhsil sahəsində aparılan islahatların normativ-hüquqi bazasının təkmilləşdirilməsinə imkan vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli qərarı ilə təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunur ki, aparılan bu ilahatlar nəticəsində təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur.  
Ləman Xəlilova
Azerbaijan Realities
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1352
avatar

Oxşar yazılar