Hesablama Palatası “Bakı şəhərində binaların təmiri, bərpası, gücləndirilməsi, işıqlandırılması, şəhərdə abadlaşdırma işlərinin aparılması, fəvvarələrin inşası və tikinti sahələrindən əhalinin və obyektlərin köçürülməsi” və “Bakı şəhərinin qəsəbələrində və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması” layihələrinə ayrılan vəsaitlərin istifadəsini yoxlayıb. Bu barədə Lent.az-a Palatadan məlumat verilib.
Hesablama Palatasının son kollegiya iclasında Suraxanı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət büdcəsinin Biləsuvar rayonu üzrə yerli xərclərindən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə Lerik – Qosmalian – Kəlvəz avtomobil yolunun və Lerik rayonunun kəndlərində orta məktəblərin tikintisinə ayrılan vəsaitlərin istifadəsi üzrə auditlərin nəticələrinə dair hesabat və rəylər də geniş müzakirə edilərək təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan, “Ümumi dövlət xidmətləri”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölmələrindən ayrılan vəsaitlərin və xüsusi vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Zaqatala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, habelə dövlət büdcəsi xərclərinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər Baytarlıq İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, təyinatı üzrə istifadəsinə dair Audit proqramları da təsdiq edilib.