Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək
22 iyun 2018 19:43 (UTC +04:00)

Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

 
 
 
Bakıda 13-15 sentyabr tarixlərində avtomatika sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan Ümumdünya Avtomatik İdarəetmə Sistemləri təşkilatının – IFAC-in (IFAC – International Federation of Automatic Control) dəstəyilə beynəlxalq konfrans keçiriləcək. 
 
 
 
Lent.az-ın verdiyi məlumata görə, tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.
 
 
 
Konfransda IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti Frank Allgover də iştirak edəcək.  2 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmiş, 1978-ci ildən Avstriyanın Laksenburg şəhərində fəaliyyətini davam etdirən IFAC 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik təşkilatını birləşdirir. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır. TECIS 2018 Beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS üç illik yoxlama və namizədlik mərhələsini başa çatdıraraq 7 iyun 2018-ci il tarixdə IFAC üzvlüyünə qəbul edilib. ARAS-ın üzvlüyü imkan verəcək ki, bu nüfuzlu federasiyanın tərkibində azərbaycanlı alimlər də beynəlxalq konqreslərdə iştirak və çıxış etmək, səs vermək kimi hüquqlara sahib olsunlar.
 
 
 
Qeyd edək ki, IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində baş tutub. 38 ildən sonra yenidən keçiriləcək bu nüfuzlu beynəlxalq konfransa məqalə qəbulu 6 iyun 2018-ci il tarixdə başa çatıb. 370-dən çox həmmüəllif tərəfindən göndərilmiş 200 məqalənin əksəriyyəti robotika, avtomatlaşdırma, humanoid robotlar, mexatronika və s. kimi müasir dövr üçün önəmli sayılan sahələri əhatə edir. Həmmüəlliflər ABŞ, Avstrialiya, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Hindistan, Macarısrtan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və s. kimi 30 fərqli ölkəni təmsil edir. Azərbaycanlı alimlər 50-yə yaxın məqalə göndəriblər. Yaradılmış şəraitə uyğun olaraq məqalələri beynəlxalq rəyçi–alimlər tərəfindən anonim olaraq seçilmiş müəlliflər konfransda pulsuz iştirak etmək hüququ qazanacaqlar. Hazırda məqalələr rəy prosesindədirlər. Elmi konfransda plenar sessiyalarla yanaşı altı paralel sessiyada iş aparılacaq. IFAC rəsmiləri - Larry Stapleton (İrlandiya), Peter Kopacek (Avstriya) Bakıya səfər edərək, konfransın təşkilat komitəsi ilə birgə iclas keçirib, təşkilati işlərlə əyani şəkildə tanış olublar. Qonaqlar eyni zamanda ADA Universitetində seminar keçiblər. 
 
 
 
Bakıda keçiriləcək konfransın təşkilatçılarından olan Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek robotika və avtomatik idarəetmə sahəsi üzrə mütəxəssisdir. Digər təşkilatçı, ARAS sədri Bahadur İbrahimov Vyana Texnologiya Universitetində 2017-ci ildə robotika sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 
 
 
 
Konfransın təşkilatçıları - IFAC, Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti (ARAS) və Vyana Texnologiya Universitetidir (IHRT). Səyahət ilə bağlı dəstək “PASHA Travel” şirkəti tərəfindən həyata keçirilir. Tədbirin sponsorları – IFAC-lə yanaşı “Boulevard” hoteldir. Bundan başqa konfransa yerli səviyyədə Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, aparıcı ali məktəblər (ADA, Bakı Ali Neft Məktəbi və s.), beynəlxalq səviyyədə isə Avstriya QHT-ləri və universitetləri (məs, Webster universiteti) dəstək verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar