İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 160-a hektara yaxın sahəni əhatə edən bu qeyri-qanuni tullantı sahələrinin təmizlənməsi nəticəsində 483 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınıb və “Təmiz Şəhər” ASC tərəfindən ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilib.
Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilib. Tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməməsi üçün müvafiq tədbirlər görülüb.