Məlumdur ki, Sovet hakimiyyəti illərində ölkənin sosial, iqtisadi, elmi, mədəni həyatında görülən yenidənqurma işləri daha sonralar xalqda milli özünüdərk prosesinin qüvvətlənməsinə, müstəqillik arzularının qabarmasına çox böyük təsir göstərmişdir. Nəticədə, Heydər Əliyevin son dərəcə yüksək məharəti, uzaqgörənliyi ilə həyata keçirilən tədbirlər sayəsində 80 – ci illərin sonu 90 –cı illərin əvvəllərində, yəni, müstəqillik hərəkatının geniş vüsət aldığı dövrdə xalqımızın mübarizlik ruhu formalaşmışdır. Bununla da xalqımızda milli özünüdərk hissi daha da güclənmişdir.
Beləliklə, 90-cı illərdə yaşanmış bütün çətinliklərdən sonra xalqımızın yenidən hüriyyətə qovuşması da böyük siyasətçinin düşünülmüş addımları sayəsində oldu. Lakin, bir həqiqətdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq və inkişaf etdirmək ondan da çətindir. O dövrdə mövcud olan iqtisadi böhran, səriştəsiz siyasətçilərin hakimiyyət davası, xarici qüvvələrin hərbi və psixoloji hücumları respublikamızın müstəqilliyini tam təhlükə altına almışdı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq mümkün oldu.
Heydər Əliyevin diplomatik səyləri sayəsində 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunması və Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm addım oldu. Onun fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Heydər Əliyevin 1993 – cü ilin iyun ayında hakimiyyətə gəlməsi təkcə xalqın deyil, həm də zamanın tələbi idi. O, dövlət zəkası və uzaqgörənliyi, çox böyük səyləri sayəsində ölkəmizdə sabitliyə nail oldu. Ümummilli Lider öz adını Azərbaycan tarixində müstəqil dövlətin müdrik banisi kimi əbədiləşdirdi.
Ləman Xəlilova
“Azerbaijan Realities”