Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında Lisey və ölkə tarixinin rekordunu təzələyiblər. Lisey direktoru Kadir Bektaşoğlunun Lent.az-a verdiyi məlumata görə, bu il liseyin iki məzunu 1-ci ixtisas qrupundan Fatimeyi Zəhra Nəbizadə və 2-ci ixtisas qrupundan Samir Rzayev 700 bal toplayıb. “Ümumilikdə bu il məktəbi bitirən 100 məzundan 62 nəfəri (62%) 600-dən, onların 29 nəfəri isə 650-dən çox bal toplayıb”.
Lisey direktoru bildirib ki, 1-ci ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 13 nəfəri 62 %, 2-ci ixtisas qrupu üzrə imtahan vermiş 45 məzundan 23 nəfəri 49 %, 3-cü ixtisas qrupu üzrə imtahan vermiş 13 məzundan 9 nəfəri 69 % və 4-cü ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 18 nəfəri 86 % 600-dən çox bal toplayıb.
K. Bektaşoğlu bu ilki nəticələrin lisey təhsil tarixinin rekordu olduğunu, yüksək nəticə göstərən məzunları ürəkdən təbrik etdiklərini, ayrıca əziyyət çəkən fədakar müəllim kollektivinə, valideynlərinə və Təhsil fəaliyyətlərində özlərinə hər cür dəstək verən rəsmi qurum və idarələrə minnətdar olduqlarını və çox təşəkkür etdiklərini bildirib.