Yeni yol Bakı kəndlərini Sumqayıtla birləşdirəcək
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avtomobil yolu Bakı şəhərinin Şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan, Hökməli istiqamətində davam etməklə, Bakı – Şamaxı - Yevlax avtomobil yoluna birləşəcək. 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolun ümumi uzunluğu 42 km təşkil edəcək.
Mərhələli şəkildə davam etdirilən tikinti işləri 0-14, 14-42km-də həyata keçirilir. Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb. 2 yol qovşağı, bir piyada keçidinin tikintisi başa çatdırılıb. Qeyd olunan hissənin 2013-ci ildə istismara verilməsi planlaşdırılır.