Bakı bulvarının ərazisinin artırılması istiqamətində işlər davam etdirilir. Lent.az-ın məlumatına görə, hazırda parkın ərazisinin Dövlət Bayrağı Meydanından Bibiheybət istiqamətində 20-ci sahə adlana əraziyə kimi artırılması işləri həyata keçirilir. Parkın salınması zamanı bir sıra evlər sahiblərinə təzminat ödənərək sökülüb, kommunikasiya xətləri tamamilə dəyişdirilib. Maraqlıdır ki, bulvar salınacaq ərazidə əvvəllər zavod və ya digər təyinatlarla istifadə olunan binalar sökülməyib. Həmin binalar tamamilə rekonustruksiya edilir və yaxın gələcəkdə başqa məqsədlərlə istifadə ediləcək.
Lent.az-ın əldə etdiyi məlumata görə, 2015-ci ildə paytaxt sakinlərinin və qonaqların istifadəsinə veriləcək bulvarın bu hissəsində müxtəlif istirahət-əyləncə mərkəzlərini, incəsənət qalereyalarını, sərgiləri, restoran və nəhəng akvariumu özündə cəmləşdirəcək “Baku Art City” yerləşəcək. yuxarıda qeyd edilən, rekonustruksiya edilmiş tikililər də həmin mərkəzin (şəhərcik) tərkib hissəsi olacaq. Bu tikililərdən anbar və ya elektrik yarımstansiyası kimi istifadə ediləcəyi gözlənilir.
Bundan başqa “Baku Art City”-də caz klubun fəaliyyət göstərməsi də nəzərdə tutulub. Bulvarda yaradılacaq nəhəng akvarium isə buraya xüsusi gözəllik qatacaq.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin rəis mavini Nazim Məcidov Lent.az-a bildirib ki, ərazidə aparılan iş və tikililərlə bağlı ətraflı məlumata malik deyil. Hazırda ərazidə intensiv iş davam etdirilir.