Bakı Ali Neft Məktəbində “açıq qapı” günü keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Ali məktəbin tələbələrinin valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov valideynlərə ali məktəbin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
E. Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələridir. Bu məqsədlə BANM-in tələbələri ARDNŞ-nin müxtəlif müəssisələrində təcrübə keçirlər. Təbii ki, bu amil də nəzəri biliklərin təcrübə prosesində daha da möhkəmlənməsinə gətirib çıxarır. Rektor valideynlərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini də vurğulayıb.
Sonra 2013-2014-cü dərs ilinin ilk semestrinin yekunları barədə məlumat verən Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva bəzi statistik məlumatları diqqətə çatdırıb. O bildirib ki, ötən semestr imtahanları Böyük Britaniyanın Heriot-Vatt Universitetindən gəlmiş professor heyəti tərəfindən qiymətləndirilib.
Görüş çərçivəsində BANM-in rektoru ali məktəbin rəhbərliyi və valideynlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.