Qaçqın və məcburi köçkünlərə dövlət dəstəyi
03 iyul 2017 16:20 (UTC +04:00)

Qaçqın və məcburi köçkünlərə dövlət dəstəyi

0

 

Ermənistanın hərbi təcavüzü nəticəsində artıq 25 ildir ki, ölkəmiz qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Dövlətimizin ən ağır, ən vacib məsələlərindən olan qaçqın və məcburi köçkün probleminin həlli üçün bütün lazımı tədbirlər görülür. Qeyd edək ki, Respublikamızda məcburi köçkün ailələri üçün 100-dək müasir yaşayış kompleksi inşa olunmuşdur. Bu qəsəbələrdə bütün zəruri infrastruktur yaradılmışdır. Qəsəbələr məktəb və bağçalarla təmin olunmuşdur. Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilmişdir. Azərbaycan dövləti tərəfindən bu tədbirlərin icrası üçün, ümumilikdə, 6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməlinin qoyulması da buna əyani sübutdur. Bu qəsəbədə bütün lazımı infrastruktur - tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq.

 

2017-ci il 9 mart tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə ilk müşavirə keçirildi. İclas Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdu.  Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğulayaraq bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd etmişdi. Mehriban xanım onu da vurğulamışdı ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır. O, bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətini ifadə etmişdi. Sosial problemləri daim diqqət mərkəzində saxlayan Mehriban xanım birinci vitse-prezident kimi ilk müşavirəsində də bu problemə toxunmaqla bir daha  ona olan ümid və inamı doğrultmuşdu. Və artıq az bir müddət keçməsinə baxmayaraq, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirildi. Belə ki, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olundu. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi də yeni mənzillərlə təmin edildi. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sahiblərinə təqdim olunur. Ümumilikdə, 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub.

 

Mərasimdə iştirak edən Mehriban xanım Əliyeva Qarabağ probleminin həllini tapacağına, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına və bunu orada bir yerdə qeyd edəcəyimizə əminliyini bildirdi. Bütün bunlar Azərbaycan hökumətinin doğma yurdlarından didərgin düşən vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasətdir. Lakin ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün məsələsini birdəfəlik, kökündən həll etmək üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və doğma yurdlarından didərgin düşən soydaşlarımız öz evlərinə qayıtmalıdır. Beynəlxalq hüquq aləmi Azərbaycanın haqq səsini eşitməlidir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar