Bahar Muradova: “Mən də köhnə telefonumu götürürəm” – MÜSAHİBƏ
10 yanvar 2014 16:07 (UTC +04:00)

Bahar Muradova: “Mən də köhnə telefonumu götürürəm” – MÜSAHİBƏ

Milli Məclis sədrinin müavini Bahar Muradova da parlamentə smartfon və android tipli mobil telefonların keçirilməsinə qoyulan qadağanı dəstəkləyib. Lent.az-ın “Media forum” saytına istinadən xəbərinə görə, vitse-spiker özü də qadağaya tabe olduğunu bildirib: 

 

- Parlamentə smartfon və android tipli mobil telefonların keçirilməsi qadağan olunub. Bu qadağaya zərurət nədən yaranıb?

 

- Bu yalnız Milli Məclislə bağlı qadağa deyil. Bir çox dövlət orqanında bu qayda çoxdan tətbiq olunur. Bu da təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. Ona görə də məsələnin geniş müzakirə olunmasının tərəfdarı deyiləm. Burada dərindən müzakirə ediləcək bir məsələ yoxdur. Sadəcə olaraq qadağaya əməl etmək lazımdır.

 

- Qadağa deputatlara da şamil olunur, yoxsa Milli Məclisə gələn qonaqlara və jurnalistlərə aiddir?

 

- Qadağa hər kəsə - deputatlara, Milli Məclisin işçilərinə, gələn qonaqlara, media nümayəndələrinə aiddir.

 

- Qanuna görə, deputatlar toxunulmazlıq hüququna malikdirlər. Bu qadağa deputatların toxunulmazlıq hüququnu pozmurmu?

 

- Söhbət bizim təhlükəsizliyimizin təmin olunmasından, dövlət orqanının bununla bağlı fəaliyyətinin tənzimlənməsindən və yarana biləcək problemləri önləməkdən gedirsə, məsələnin başqa formada qoyulması, kimlərinsə hüququnun pozulması kimi qiymətləndirilməsi doğru deyil. Ona görə də burada xüsusi təftiş aparmağa, deputatları fərqləndirməyə ehtiyac yoxdur. Milli Məclisdə deputatlar fəaliyyət göstərir. Hakimiyyətin bir qolu olan Milli Məclisdə təhlükəsizlik baxımından bəzi məqamlar nəzərə alınmalıdırsa, təhlükəsizlik qaydasına əməl olunmalıdırsa, buna ilk növbədə kim əməl etməlidir? Əlbəttə, deputatlar.

 

- Smartfon və android tipli telefondan imtina etmisinizmi?

 

- Mən yanvarın 7-də işə çıxmışam və həmin gündən əvvəllər istifadə etdiyim kiçik formatlı telefonu götürürəm. Baxmayaraq ki, mən Milli Məclisin ümumi giriş qapısından deyil, rəhbərlik üçün nəzərdə tutulan qapıdan istifadə edirəm. Amma o biri telefonun kartını çıxarmışam və evdə qoymuşam.

 

- Bu, internetdə nəyəsə baxmaq, internet vasitəsilə əlaqə yaratmaq sahəsində hansısa çətinlik yaradırmı?

 

- Xeyr, heç bir çətinlik yoxdur. Milli Məclisin otaqlarında kompüterlər var və deputatlar onlardan istifadə edirlər. Smartfon və android tipli telefonlarda olan funksiyaları kompüterlər vasitəsilə də icra etmək mümkündür. Əgər xüsusi vacib bir məsələ olsa, onu səhər tezdən işə gəlməmiş evdə, yaxud da axşam işdən çıxanda da etmək mümkündür.

Hesab edirəm ki, bizim təhlükəsizliyimiz, dövlətin ümumi təhlükəsizlik maraqları naminə atılan addımı ancaq müsbət tərəfdən qabartmaq lazımdır. Bunu kimlərinsə hüququnun pozulması, sərbəstliyin məhdudlaşdırılması, toxunulmazlıq statusuna zərbə kimi qiymətləndirmək, gündəmə bunları gətirmək məqsədəuyğun deyil. Qaydaya əməl etmək lazımdır.

ABŞ prezidenti Barak Obama da bir müddət əvvəl onun təhlükəsizliyinə xələl gətirə biləcək telefondan imtina edib. Mətbuatda bu barədə belə yazılmışdı ki, təhlükəsizlik qurumları ABŞ prezidentinin həmin telefonlardan istifadə etməsinə icazə vermir.

 

- Parlamentin payız sessiyası zamanı plenar iclasda deputatların bir-birinin əvəzinə səs verməsi ilə bağlı video yayılmışdı. Milli Məclisə smartfon və androidlərin keçirilməsinə qoyulan qadağanın bununla bağlılığı varmı?

 

- Heç bir əlaqəsi yoxdur. Məgər Milli Məclisdə çəkilişi yalnız telefonla aparırlar? İclası onlarla media qurumunun videokameraları çəkir. Media qurumları videokameralar gətirib çəkiliş aparırlar. Sizin dediyiniz halları məgər videokamera ilə çəkmək mümkün deyil? Bu, əsassız arqumentdir və həqiqətlə heç bir əlaqəsi yoxdur. Qərarda bunun səbəbi yazılıb. Burada başqa məna axtarmaq söz oyunundan və məsələni şişirtməkdən başqa bir şey deyil. Müvafiq qurumların belə bir tövsiyəsi var və biz də ona əməl edirik. Bu, bütün dövlət orqanlarına aiddir. 

Qadağa jurnalistlərə heç bir problem yaratmayacaq. Jurnalistlərin parlamentdən öz redaksiyalarına xəbər ötürməsində dəqiqə fərqi yarana bilər. Bu da yalnız media qurumları arasındakı rəqabətə aid bir məsələdir. Bunu təhlükəsizlik məsələsindən üstün tutmaq düzgün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799
avatar

Oxşar yazılar