Bura Lvovdur. Qərbi Ukrayna. Burada yerlilər ənənəvi slavyan ölkələrində olduğu kimi rus dilini bilmirlər. Sırf yerli - Ukrayna dilində, nadir hallarda da həmsərhəd olduqları üçün polyak (Polşa) dilində danışırlar. Amma nəinki bütün postsovet və Avropanın, bütün dünyanın əksər mədəniyyətləri burada qovuşur: bunu dükanlarda, restoranlarda, iaşə obyektlərində, bir sözlə insanların bir araya gəldiyi bütün yerlərdə aydın müşahidə etmək olur. Şəhərin memarlıq üslubu da daha çox Avropanın müxtəlif xalqlarını özündə cəmləşdirən tarixi üslubdadır.
Oğurlanmış Azərbaycan...
...Bütün bu rəngarəngliklər arasında qəflətən rastımıza adı yerli dildə qarşısına həkk olunmuş “Qafqaz” restoranı çıxdı. Böyük, təmtəraqlı restorandan içəri girən kimi sanki Avropadan Azərbaycana daxil olduq. Hər tərəf Azərbaycan xalıları, kilimləri, rəsmləri, milli geyimli oğlan-qız rəsmləri ilə bəzədilmişdi. Hətta istifadə olunan qab-qacaq belə milli idi. İçəridəki iri samovar da gurhagur qaynayırdı....
Ofisiant xanım bizə yaxınlaşıb menyunu uzatdı. Dəftərçəni açan kimi iri başlıq məni həm təəccübləndirdi, həm də qeyri-ixtiyari bərkdən güldürdü. Yerli dildə “Erməni mətbəxi” yazılan dəftərçədə bütün yeməklər gündəlik Azərbaycan yeməkləridir. Sifarişimi gözləyən xanıma “Azərbaycan mətbəxi olar?” sualıma cavab konkret oldu:
- Bura erməni restoranıdır və burada yeməklər də daxil olmaqla hər şey ancaq erməni ənənəsinə aiddir...
Deməyə söz tapmadım...
Biz orada olanda öyrəndik ki, elə ermənilər qədər də azərbaycanlılar var, Lvovda. Hətta azərbaycanlı biznesmenlər ermənilərdən sayca bir qədər çoxdur. ARDNŞ-in orada istifadəyə verilən yanacaqdoldurma məntəqələrini də daxil etsək, dəstək baxımından azərbaycanlılar ermənilərdən bir neçə dəfə üstün görünür. Yetər ki, nəyinsə “Azərbaycanındır” deməyə həvəs və cəhd olsun. Hələ Azərbaycan dövlətinin diaspor fəaliyyətinə göstərdiyi ciddi marağı, dəstəyi, xüsusilə bir sıra bütün Avropa ölkələri ilə hərtərəfli sahələrdə yaxınlaşmaya maraqlı olmasını demirik... Bir sözlə, bəhanəyə yer yoxdur, hörmətli həmvətənlər...
“Səpələnmə”yi bacara bilmək...
Bu, kiçik bir müşahidə idi. Sonralar anlamağa başladım ki, diaspor fəaliyyətini, loru dildə desək Azərbaycanı tanıtımı, heç də göydən düşməsini gözləmək lazım deyil, elə oğurlanmış Azərbaycan restoranından başlamaq lazımdır. Bəlkə də o restoranı oradakı azərbaycanlılar öz malımız kimi vaxtında o üslubda işlətsəydilər, düşmənlər bundan asan istifadə etməzdilər...
Azərbaycanı özündən kənarda tanıtmaq da əslində elə diaspor təşkilatlarımızın çiyninə düşür. Hansı ki, bunun üçün son illər Azərbaycan dövləti misilsiz dəstək göstərir, pul ayırır. Amma diaspor missiyasında irəlidə gedən yəhudilər, elə düşmən ermənilər buna görə heç vaxt doğma ölkələrində maddi dəstək almayıblar...
Yeri gəlmişkən, balaca bir araşdırmada məlum oldu ki, “diaspor” sözünün özü qədim yunan sözü olub, hərfi mənada “səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşıblar və buranın daimi sakinlərinə çevriliblər. “Diaspor” kəlməsi də məhz onların dilindən yaranıb. Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Azərbaycanda “diaspor” anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanıb. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən vətəni tərk edib qürbətdə yaşamaları onlar üçün mənəvi baxımdan ağır olub. Təsadüfü deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “Vətən - qürbət” mövzusu aktualdır.
Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra əksər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində dönüş baş verdi.
Qısa zaman ərzində diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi. Tədricən bu istiqamətdə müvafiq addımlar atılsa və məqsədyönlü işlər görülsə də, lakin bu sahə ilə məşğul olacaq xüsusi bir dövlət qurumunun yaradılması da vacib və zəruri idi. Elə bu zərurəti dərindən dərk edən ümummilli lider Heydər Əliyevin 2002-ci il, iyulun 5-də imzalamış olduğu fərman əsasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr sərəncamından sonra qurum Diasporla İş üzrə Dövlət Komitəsi adı altında fəaliyyət göstərməyə başladı.
Bu gün özünün inkişaf yolunu keçən Azərbaycan diasporu eyni zamanda bir sıra problemlərdən də uzaq deyil. Etiraf etmək lazımdır ki, Azərbaycan diasporunun fəaliyyəti gözlədiklərimizdən hələ də zəifdir. İstənilən səviyyədə təşkilatlanmaya tam nail olmamışıq, ya da ola bilmirik. Diaspor kontekstindən yanaşsaq “səpələnməyi” bilmirik...
Bir çox azərbaycanlı özlərini kənarda saxlamaqla milli məsələlərin həllində tam fəallıq nümayiş etdirmirlər. Bir çoxları özlərini azərbaycanlı kimi tanıtmaq belə istəmirlər. Bəzi məsələlərdə uğurlar olsa da, bu bizim rəqiblərlə müqayisədə çox zəifdir.
Dünyada tanınmaq üçün tanımalı olduğumuz şərtlər
Bunun üçün kifayət qədər təcrübələr var. Qərbdə gələcəyə doğru proyektlər irəli sürən, bizim dilimizdə tərcüməsi “Beyin Mərkəzi” olan “Think-Tank” quruluşları isə ölkəmizdə yox deyiləcək qədər azdır. Diasporumuz əgər “Beyin mərkəzi” kimi formalaşacaqsa, potensial olaraq aşağıda göstərilmiş bir sıra vacib vəzifələri yerinə yetirə bilər: 1) məskunlaşdığı dövlətlə Azərbaycan arasında vasitəçilik; 2) cari məsələ, problem və təkliflərin aşkar edilməsi, düsturlaşdırılması və qiymətləndirilməsi; 3) ideya və problemlərin siyasi məsələlərə çevrilməsi; 4) siyasi müzakirələrdə məlumatlı və müstəqil səs kimi çıxış etmək qabiliyyəti; 5) siyasətin düsturlaşdırılması prosesində əsas nümayəndələr arasında ideya və informasiya mübadiləsi üçün əməli forumun təşkili.
Eyni zamanda diaspor təşkilatlarının lobbi konsepsiyası olmalıdır ki, onlar buna əsaslanaraq işlərini düzgün istiqamətdə qura bilsinlər. Azərbaycanlılar yaşadıqları ölkələrin iqtisadi, siyasi və sosial-mədəni həyatına sıx inteqrasiya olunmalı, bu ölkələrlə Azərbaycan Respublikası arasında əlaqələndirici vəsilə rolunda çıxış etməlidirlər. Müxtəlif ölkələrdə mövcud olan Azərbaycan cəmiyyətlərinin qarşılıqlı fəaliyyəti gücləndirilməli, mühüm məsələlər üzrə onların tədbirləri əlaqələndirilməlidir. Bu gün dünyanın bütün bölgələrinə səpələnərək 50 milyonluq azərbaycanlı adını daşıyan soydaşlarımızın birlik, həmrəylik anlayışlarında ciddi problemlər var. Bu addımların qarşısında qarşılaşdığımız mənzərə budur. Diaspor daxili ziddiyyətlər, qarşılıqlı anlaşılmazlıq, liderlik uğrunda mübarizə və digər problemlər azərbaycanlıların vahid bir mərkəzə çevrilməsində əngəlliklər yaradır. Bunu aradan götürmək yollarını və istiqamətlərini düşünən “beyinlər” tarixi - keçmişi-psixoloji məqamları nəzərə almaqla yanaşı dünyanın başqa millətlərinin təcrübəsinə də əsaslanmalıdırlar. Ona görə də diasporumuzun fəallığı və onların ciddi rolundan danışmaq hələ tezdir. Onların əsas işi ölkələrdə informasiya yaymaqdan ibarətdir, bunun da öhdəsindən nə qədər uğurla gəlirlər, ayrıca mövzudur. Diasporun nisbətən fəal olduğu ölkələrin sırasında ABŞ, Ukrayna, İsrail, Böyük Britaniya, Türkiyənin adını çəkmək olar. Bir sıra hallarda Azərbaycan diasporu uğurlu gedişlər də edir, özəlliklə həmin ölkələrin strateji maraqları ilə Azərbaycanın maraqları üst-üstə düşəndə. Azərbaycan dövləti isə öz növbəsində diasporun inkişafı üçün zəruri olan bütün addımları atıb, Qanun qəbul edib, Diasporla İş üzrə Dövlət Komitəsi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradıb, Qurultaylar və forumlar keçirilir, səfirliklərə ciddi tapşırıqlar verilir və s. Təsəvvür edin ki, qardaş Türkiyədə belə bu işlərin yarısı görülməyib. Bunun qarşılığı olaraq istəyimiz odur ki, diasporumuz içində olan problemləri həll etsin.
Bu gün ”Qarabağ mədəniyyəti günləri” adı altında dünya ölkələrinin bir çoxunda eyni vaxtda tədbirlər keçirilməsi Qarabağ haqqında ermənilərin bu vaxta qədər yaydığı uydurma təbliğatın alt-üst olunması üçün əhəmiyyətli effekt verə bilər. Bu tədbirlərin həyata keçirilməsi üçün diasporumuzun gücündən geniş istifadə etmək mümkündür. Tədbirdə əslən qarabağlı olan mədəniyyət xadimlərimizin əsərləri, bu bölgədən olan müğənnilərimizin ifaları, ”Qarabağ bülbülləri” kimi musiqi qrupları, işğal olunmuş rayon və səhər mədəniyyət evlərinin ansamblları və aktyorları xarici ölkələrə dəvət olunar və onların vasitəsi ilə mədəniyyətimiz dünya ictimaiyyətinə təqdim olunarsa, Qarabağın Azərbaycana məxsus olmasının əleyhinə aparılmış yalançı erməni təbliğatını asanlıqla alt-üst etmək mümkün olar. Bu kimi tədbirlər həm də dövlətlə diasporun əlaqələrinin daha sıx qurulmasına gətirib çıxara, hakimiyyətlə diaspor arasındakı inamsızlığı qismən aradan qaldıra bilər. Məsələn, Leyla xanım Əliyevanın bir sıra ölkələrdə təşkil etdiyi bu kimi tədbirlər artıq bu missiyanın yavaş - yavaş formalaşmasından xəbər verir.
Həmçinin düşməni öyrənməliyik. Erməni diasporu və lobbisinin öyrənilməsi ilə bağlı bir mərkəzə böyük ehtiyac var. Burada erməni dili bilən mütəxəssisləri cəlb edib erməni diasporunun ən azı 100 illik tarixini ortaya çıxarmalı və bunu təhlil edib onların zəif nöqtələrini ortaya qoymalıyıq. Diaspor sahəsində tədqiqat aparanları mütləq Komitə, yaxud Prezident Aparatı yanında xüsusi araşdırma mərkəzlərinə cəlb etmək lazımdır. Addım-addım dünya üzrə yaşayan azərbaycanlıların psixoloji durumu və adaptasiya prosesi öyrənilməlidir. Bu tanınmaq üçün başlıca şərtlərdəndir...
Dövlətin diaspora ilə bağlı gələcək planları
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirdilər ki, dövlət büdcəsindən bu il üçün Komitəyə (o cümlədən, diaspora fəaliyyətinin həyata keçirilməsinə dəstək) 3818,00 min vəsait ayrılıb.
Komitə sorğumuza cavab olaraq qarşıda duran dövlət planlarını da açıqlayıb.
Məsələn:
1. Təşkilati sahədə:
• Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının təsis edilməsi;
• Xarici ölkələrdə yaşayan azərbaycanlı jurnalistlərin, habelə azərbaycanlı olmayan, lakin ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olmuş media nümayəndələrinin birgə Forumunun təşkili;
• Azərbaycanlıların kompakt halda yaşadığı, lakin diaspor təşkilatlarının mövcud olmadığı regionlarda yeni icma və birliklərin təsis edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;
• Azərbaycan icmalarının fəaliyyətinin koordinasiyası istiqamətində tədbirlərin davam etdirilməsi;
• Azərbaycanlı gənclərin diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, onların Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri barədə ətraflı məlumatlandırılması sahəsində tədbirlərin görülməsi, bu məqsədlə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkili.
• Dünya Azərbaycanlı Gənclərinin II Konqresinin təşkili.
2. Lobbi quruculuğu və digər xalqların diaspor təşkilatları ilə əlaqələr sahəsində:
• “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi;
• Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi;
• Xarici ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlərlə əlaqələrin qurulması işinin davam etdirilməsi;
3. İnsan hüquq və azadlıqlarının qorunması, habelə cəmiyyətə inteqrasiya sahəsində:
• Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyətin öyrənilməsi işinin davam etdirilməsi;
• Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyasına xidmət edən tədbirlərin həyata keçirilməsinə dəstək verilməsi;
• Azərbaycanlıların sıx yaşadığı ölkələrdə ictimai-siyasi proseslərə təsir imkanlarını artırmaq, seçki və referendumlarda azərbaycanlıların fəal iştirakının təmin edilməsi, seçkili orqanlara namizədliyi irəli sürülmüş azərbaycanlıların təşviqat və təbliğat kampaniyalarında fəal iştirak etmək, onlara zəruri təbliğat-informasiya dəstəyinin verilməsi məqsədilə diaspor təşkilatlarının vahid fəaliyyət planının hazırlanması və həyata keçirilməsi.
4. Təbliğat sahəsində:
• Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırım aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayiş etdirilməsinə nail olunması;
• Qondarma “erməni soyqırımı” iddialarını ifşa edən təbliğatı işlərin həyata keçirilməsi;
• Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• Xarici KİV - də Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı tədbirlərin davam etdirilməsi və Azərbaycan həqiqətlərini təbliğ edən yeni kütləvi informasiya vasitələrinin təsis edilməsi;
• Diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində müasir informasiya texnologiyalarının daha geniş miqyasda tətbiqi.
• Azərbaycan milli maraqlarının virtual məkanda qorunması, Azərbaycan həqiqətlərinin təbliğinə xidmət edən layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan diasporunun İnformasiya mərkəzinin yaradılması;
• Azərbaycan diaspor təşkilatlarının öz işlərinin təbliği, keçirdikləri tədbirlər üçün resurslar əldə etməsi məqsədilə Azərbaycan diasporunun vahid internet portalının yaradılması;
• “Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyi ölkələrinin və xalq diplomatiyasının rolu” mövzusunda silsilə konfransların təşkili.
Yazı, “Odlar Yurdu” diaspor təşkilatının keçirdiyi müsabiqəyə təqdim olunur
Mübariz Aslanov, APA İnformasiya Agentliyi [email protected]