London şəhərindəki "Royal Holloway" Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə universitetdə Azərbaycanı tanıtmaq məqsədi ilə "Azərbaycan gecəsi" keçirilib. Lent.az-ın məlumatına görə, gecədə universitetdə təhsil alan Azərbaycanlı tələbələrlə yanaşı Türkiyə Respublikası, Rusiya Federasiyası və Qazaxıstandan olan tələbələr də iştirak ediblər.
Tədbirdə çıxış edən “Royal Holloway” Universitetinin tələbəsi İlkin Əsgərli Azərbaycanın tarixi, qədim və zəngin mədəniyəti barədə geniş məlumat vermiş, bu gün Azərbaycanın qazandığı uğurlardan, ölkədə həyata keçirilən yeni layihələr və abadlıq-quruculuq işlərindən danışıb.
Universitetin tələbələri Baba Həmidov, Sura Abdullayeva, Elnarə Hacıyeva öz çıxışlarında Azərbaycanın tarixi, onun əzəli torpağı Dağlıq Qarabağ əraziləri, mənfur qonşularımız olan Ermənilər tərəfindən 20%-ə yaxın torpaqlarımızın işğal olunması, bu işğal nəticəsində milyondan artıq soydaşımızın qaçqın düşməsi, işğal altında olan torpaqlarda mədəni abidələrin məhv olunması, bu gün ölkə başçısı tərəfindən həmin ərazilərin azad olunması istiqamətində görülən işlərdən bəhs ediblər.
Almaniyadan gəlmiş gənc müəllim Avropadakı Azərbaycan diasporunun fəallarından olan Azərbaycan Cəmiyyətinin sədri Azər Məcidli, Rza Kərimov, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin III katibi Ayaz Mustafayev görüş iştirakçıları qarşısında çıxış edərək diasporumuzun fəaliyyəti, görülən işlər və gələcək planlar barədə məlumat veriblər.