Azərbaycanlı köçkünlər haqqında film Londonda nümayiş olundu
24 fevral 2017 19:28 (UTC +04:00)

Azərbaycanlı köçkünlər haqqında film Londonda nümayiş olundu

 

 

Bu gün London Universitetinin Asiya və Afrika Tədqiqatlar Məktəbində Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı “Uzun yollar” sənədli filminin təqdimatı keçirilib.

 

Lent.az-ın məlumatına görə, film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1992-1993-cü illərdə öz evlərindən qovulmuş həmvətənlərimizin taleyindən bəhs edir.

 

Filmin nümayişinin təşkilatçılarından biri olan Böyük Britaniyanın Orta Asiya və Qafqaz Mərkəzinin direktoru Laurence Broers təqdimat zamanı qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin sayının çox olmasına baxmayaraq, ölkə onların problemlərinin həll olunmasının öhdəsindən gələ bilir. Çıxışçı münaqişə qurbanlarının taleyi barəsində beynəlxalq ictimaiyyətin məlumat almasına ciddi diqqət yetirilməli olduğunu da vurğulayıb.

Filmin ssenari müəllifi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri  Əvəz Həsənov deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlər öz evlərinə qayıtmağa ümid etsələr də, münaqşənin hansı yolla həlli və onların qayıdışının şərtləri insanları daha çox narahat edir. Xüsusən ərazilərin bərpası, minalardan təmizlənməsi, qayıtdıqdan sonra təhlükəsizliyinə verilə biləcək təminat onları daha çox düşündürür.

1992-ci il fevral ayının 26-da Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı qırğını və həlak olan insanların kütləviliyi onların psixologiyasında ciddi iz buraxıb. Bu kimi psixoloji travmalar və münaqişə tərəflərində dərinləşən düşmən obrazları məcburi köçkünlərin geri dönüşünü çətinləşdirir. Lakin əsas məsələ odur ki, insanlar çətin həyat yolu keçib gəlmələrinə baxmayaraq öz doğma torpaqlarına qayıtmağa inanırlar.

Ə.Həsənov qeyd edib ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.  Film artıq Londonda fəaliyyət göstərən bir neçə düşüncə mərkəzinə təqdim olunub.

Filmin təqdimatına Londonda fəaliyyət göstərən müxtəlif düşüncə mərkəzlərinin, universitetlərin və diğər beynəlxalq təşkilatların təmsilçiləri qatılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar