Azərbaycanın su ehtiyatları sürətlə azalır - <span style="color:red;">HƏYƏCAN TƏBİLİ
23 oktyabr 2019 13:52 (UTC +04:00)

Azərbaycanın su ehtiyatları sürətlə azalır - HƏYƏCAN TƏBİLİ

Azərbaycanın su ehtiyatları digər təbii ehtiyatlara nisbətən azdır. Ölkəmiz su ehtiyatlarına görə dünyanın aztəminatlı ölkələri sırasına daxildir. Üstəlik, iqlim dəyişmələri su ehtiyatlarına mənfi təsir edir.  Məsələn, son məlumata görə, yayın son ayının ikinci ongünlüyündən Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb.

Ucar, Zərdab, Göyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb. Kanalda suyun azalmasına görə ötən ayın ikinci ongünlüyündən həmin rayonların ərazisindəki arxlarda suyun səviyyəsi enib, bəzi yerlərdə isə tamamilə kəsilib.   

Sakinlərin dediyinə görə, onlar 15-20 manat ödəməklə şəxsi maşınlarından su alırlar.

Bu baxımdan da istənilən sahədə sudan səmərəli istifadə vacibliyi, problemdən çıxış yollarının axtarılması gündəmə gəlir.

Coğrafiya elmlər doktoru, professor Rza Mahmudov Lent.az -a bildirib ki, müasir iqlim dəyişmələri Azərbaycanın da su ehtiyatlarına təsir göstərir: “Azərbaycanın su ehtiyatları 28-30, bəzi illərdə 34 kub kilometrə qədər dəyişir. Bunun da 70 faizə qədəri transsərhəd çay suyu hesabına, çox az faizi ölkəmizin ərazisində formalaşır. Aparılan tədqiqatlar göstərir ki, iqlim dəyişmələri bütün ətraf mühitə, o cümlədən çayların axımına, su ehtiyatlarının paylanmasına, rejiminə ciddi təsir göstərir. Dünyada olduğu kimi, bizim ölkədə də qar-su ehtiyatı azalır və çayların axım rejimində dəyişkənlik baş verir. Onsuz da aztəminatlı ölkəmizdə su ehtiyatından optimal istifadə hər birimizin diqqət mərkəzində olmalıdır.

Hesablamalara görə, bu gün Azərbaycanın su ehtiyatları sürətlə azalır. İllik axımda qış dövrünün payı artır, yaz-yay daşqın və gur su axımları azalmağa başlayır. Temperatur artımı hövzələrdə olan qar ehtiyatını azaldır. Halbuki qar-su ehtiyatı özünün axımını yaz dövründə verməlidir. Temperaturun artması hesabına axımını qışda verir. Eyni zamanda, bu proses yazda daşqın dövrünün davamiyyətini, həcmini azaldır. Müvafiq qurumlar, təşkilatlar ölkənin çay-su ehtiyatlarından səmərli istifadə ilə bağlı işlər görür. Son dövürlərdə respublikada su anbarlarının tikintisi, su təminatı, sudan səmərəli istifadə, xüsusilə kənd təsərrüfatı sistemində sudan səmərli istifadə gündəmdə duran məsələlərdən biridir. Amma təbii olaraq çay-su ehtiyatlarını hansısa formada artıra bilmərik. Çay sularından düzgün istifadə ən vacib məsələlərdəndir”.

Professorun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarından istifadə məsələsi yenidən hesablanmalı və müəyyənləşdirilməlidir: “Əhaliyə görə sudan istifadə, onun paylanması gündəmdə olan məsələlərdir. Amma bu hesablamalar mövcud su ehtiyatını artıra bilməz. Azərbaycanda adambaşına düşən su ehtiyatı Gürcüstandan 7,7 dəfə, Ermənistandan isə 2,2 dəfə azdır. Adambaşına düşən su ehtiyatı Rusiyaya nisbətən iki dəfə aşağıdır.

Əgər iqlim dəyişmələrində əks-proses baş verməzsə, su azalmağa doğru gedəcək. Azərbaycan əhalisinin su ilə təminatı hələ ki elə də qorxulu həddə deyil. Amma istənilən halda, hər bir vətəndaş su ehtiyatlarından səmərəli istifadə etməyə məcburdur”.

Bəs içməli su sahəsində vəziyyət necədir və israfçılığın qarşısı alınırmı?

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib ki, ölkə ərazisinin 84 faizi sayğaclaşdırılıb: “Abonentlərdən sayğacda işlədilən suyun pulu tələb olunur. Sayğaclar qoşulduqadan sonra abonentin cibinə təsir etdiyi üçün israfçılıq yoxdur”.

A.Cəbrayıllı onu da qeyd edib ki, şəhərdəki “moykalar” hər biri smart sayğacla təmin olunub və istifadə olunan suyun pulu alınır.

Qurum rəsmisinin sözlərinə görə, sayğacla təmin olunmayan istifadəçilərə adambaşına 5 kub hesabat verilir: “Sayğac olmayan yerdə faktiki yaşayan adamların sayına görə 5 kub hesabat aparırıq. Əgər ailədə 4 nəfərdirsə 20 kub hesaba alınır”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798
avatar

Aygün İbrahimli

Oxşar yazılar