Azərbaycanın siyasət və biznes adamları üçün təlim keçiriləcək
31 yanvar 2013 11:59 (UTC +04:00)

Azərbaycanın siyasət və biznes adamları üçün təlim keçiriləcək

Azərbaycanın siyasət və biznes sahəsindəki vəzifəli şəxsləri fevral ayından başlayaraq "enerji səmərəliliyi üzrə təlim" (TrEff ) proqramında iştirak edəcəklər.

 

Almaniyanın Bərpaolunan enerji Akademiyasından (Renewables Academy - RENAC) bildiriblər ki, "Enerji səmərəliliyi - Alman istehsalı" brendi adı altında gerçəkləşən layihə Almaniyanın İqtisadiyyat və Texnologiya üzrə Federal Nazirliyi tərəfindən Enerji Səmərəliliyinin İxracı Təşəbbüsü proqramı çərçivəsində həyata keçirilir.

 

Seminarların ilk mərhələsi 2013-cü ilin 4-8 fevral tarixlərində Bakıda həyata keçiriləcək və "Sənaye və kommersiya sahələrində enerji səmərəliliyi" mövzusuna həsr olunacaq. Bakıda keçiriləcək seminarlar RENAC-ın əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycan Diplomatik Akademiyası tərəfindən dəstəklənir.

 

Layihənin ikinci mərhələsi  2013-cü ilin iyun ayında keçiriləcək və əsas mövzusu "Binalarda enerji səmərəliliyi" olacaq. Layihəyə 2013-cü ilin payızında, sözü gedən  mövzularda Azərbaycan, Ukrayna və Qazaxıstandan olan nümayəndələrin iştirakı ilə Berlində bir sıra təlim seminarları keçirməklə yekun vurulacaq.

 

TrEff - proqramı çərçivəsində Azərbaycandakı seminarın məqsədi enerji səmərəliliyi texnologiyaları haqqında Azərbaycandakı müvafiq institut və hökumət nümayəndələrinin biliklərinin artırılmasına yardım etmək, və bununla enerjiyə qənaət üzrə mövcud potensialı həyata keçirmək və arzu olunan milli enerji siyasətinə nail olmaqdır. Bundan əlavə, TrEff seminarları enerji səmərəliliyi texnologiyalarının inkişafı vasitəsilə yerli iqtisadiyyatın necə inkişaf etdirilməsi və yerli şirkətlərin beynəlxalq səviyyədə rəqabətliliyinin necə artırılması yollarını əhatə edəcək.

 

RENAC TrEff layihəsinə rəhbəri xanım Uta Çehringer bildirib ki, Azərbaycan iqtisadiyyatında enerjiyə qənaət potensial təqribən 30% təşkil etməklə nəzərəçarpacaq səviyyədədir və bu rəqəm sənaye, bina sektoru və enerji sənayesini əhatə edir.

 

“Azərbaycanda enerji istehsal və istehlak edən avadanlıqların köhnə olması yüksək dərəcədə enerji itkisinə səbəb olur. Enerjidən səmərəli istifadə olunmasının nə qədər mühüm olması Azərbaycan tərəfindən dərk edilir və bu sahədə qanunvericiliyin ilkin versiyasının hazırlanması ilə bağlı işlər görülür. Enerji səmərəliliyini artırmaq üçün mövcud texnologiyalar haqqında “nou-hau”, mümkün dəstək mexanizmləri, iqtisadiyyat və maliyyələşdirmə məsələləri əsas amillərdir. Bu səbəbdən biz TrEff layihəsi vasitəsilə Azərbaycana töhvə vermək əzmindəyik”, - Uta Çehringer deyib.

 

Qeyd edək ki, TrEff layihəsi TREE (bərpa olunan enerji haqqında biliklərin ötürülməsi) layihəsi çərçivəsində yaradılıb. TREE, 2008-ci ildə bərpa olunan enerjiyə yönələn RENAC treyninq proqramlarından biri kimi yaradılıb və bu təlim proqramı vastəsilə bu günə kimi dünyada 51 ölkədən olan siyasət və biznes sahəsinin müxtəlif iştirakçılar təlimlər keçib. Azərbaycan 2011-ci ildən bu layihəyə tərəfdaş kimi qoşulub.

 

Bərpa olunan enerji sahəsində müxtəlif təlim və təcrübələrin yayılmasının beynəlxalq təminatçısı olan və yaşıl enerji sektorunda ixtisaslaşmış RENAC artıq 2012-ci ilin dekabr ayında Azərbaycanın təhsil sahəsinə töhfə vermək üçün ilkin addımları atıb. Belə ki, Xəzər Universitetinin təsisçisi Professor Hamlet İsaxanlı ilə görüşdə Xəzər Universiteti və RENAC arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə təhsil haqqında Anlaşma Memorandumu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar