Təxminən bir ay olar ki, qərb bölgəsində yerləşən Ceyrançöl ərazisində çəyirtkə sürülərinə rast gəlinir.
Ağstafa rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Ramiz İmanovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hər il aprel-may aylarında ərazidə çəyirtkələrə rast gəlmək olur və bu zərərvericilərə qarşı mütəmadi mübarizə aparılır. Hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi yerli qurumları tərəfindən texnika və canlı qüvvələri bu ərazidə çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlayıb. Məlumata görə, sahəsi 250 min hektar olan Ceyrançöl ərazisinin təxminən 10 min hektarı zərərvericilərlə doludur. Kənd təsərrüfatı mütəxəssislərin bildirdiyinə görə, çəyirtkə təhlükəsinə qarşı vaxtında və səmərəli mübarizə aparılmazsa, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 80 faizə kimi aşağı düşə bilər.