Ötən ilin avqustunda Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında baş verən zəlzələ nəticəsində evsiz qalan insanlar hələ də çadırlarda ağır şəraitdə yaşayır.
APA-nın məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi Qaradağın Heris bölgəsindən hazırladığı yeni fotoreportajda əks olunub.
Şərqi Azərbaycan əyalətindəki soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, tək Herisdə deyil, eyni ağır həyat şəraiti Əhər və Vərziganda da hökm sürür. Bölgədə ərzağa, içməli suya, dərman ləvazimatlarına və tibb məntəqəsinə ciddi ehtiyac var. Bəzi sadə vətəndaşlar öz şəxsi vəsaitləri hesabına zəlzələdən zərərçəkənlərə yardım etməyə çalışırlar. Lakin bu cür fərdi yardımlar minlərlə evsiz qalmış insana yetərli deyil. Şaxtalı havadan və şəraitsizlikdən daha çox uşaqlar və yaşlılar əziyyət çəkir.