Azərbaycanda keçiriləcək Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Ukrayna idmançılarına dəstək məqsədi ilə Bakıda Fan-Klub yaradılıb. Lent.az-ın məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə yaradılan Fan-Klub həm Bakıya gələcək ukraynalı idmançılara dəstək verəcək, həm də Bakı 2015 Avropa Oyunlarının Ukraynada təbliğatını aparacaq.
Hazırda Bakıda səfərdə olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, bundan sonrakı fəaliyyətləri mərhələli şəkildə olacaq və ilk növbədə Fan-Kluba Azərbaycanın tanınmış mədəniyyət, incəsənət, media və idman sahəsində fəaliyyət göstərən şəxsləri cəlb edəcəklər: “Düşünürük ki, Ukrayna idmançıları Bakıda - öz evlərində oynayacaqlar. Bizim ölkə qonağa hər zaman yüksək hörmət və ehtiram göstərib. Bu məqsədlə Bakıda bir sıra görüşlər keçirdik, Azərbaycanın tanınmış adamlarının bu Fan-Kluba dəstək vermələrinin razılığını aldıq”.
H. Cavadov əlavə edib ki, ukraynalı idmançıları dəstəkləyəcək azərbaycanlı Fan-Klub üzvləri üçün Bakıda 500-dən çox bayraq sifariş veriblər. Onun sözlərinə görə, belə olan halda ukraynalıların oradan Bakıya bayraq gətirmələrinə də ehtiyac qalmayacaq: “Əlbəttə, tədbirlərimiz bununla yekunlaşmır. Bakı 2015 Avropa Oyunlarını Ukraynada təbliğ etmək və ölkəmizə turist cəlb etmək üçün Kiyev başda olmaqla digər şəhərlərdə piar kampaniya aparacağıq. Düşünürük ki, Bakı 2015 Avropa Oyunları Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi olan Bakı müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq”.