Azərbaycanda uşaqların elektron məlumat bankı yaradılacaq
18 yanvar 2013 09:59 (UTC +04:00)

Azərbaycanda uşaqların elektron məlumat bankı yaradılacaq

Banka 6 ay ərzində hər bir uşaq barədə fərdi məlumatlar daxil ediləcək, uşaq 18 yaşa çatdıqdan 25 il sonra məhv ediləcək

 

Nazirlər Kabineti uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması qaydasını təsdiqləyib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, elektron məlumat bankının təşkili məqsədi ilə proqram təminatı və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir.

Elektron məlumat bankının istifadəçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İdman Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır. Elektron məlumat bankını uşaqlar haqqında məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki proqram kompleksi təşkil edir. Elektron məlumat bankının strukturuna bankın administratorunda olan mərkəzi server və hər bir istifadəçinin bu sistemə qoşulmasını təmin etmək imkanına malik bir və ya bir neçə kompyuterləşdirilən iş yerləri daxildir.

Uşaqlar haqqında məlumat bazası elektron məlumat bankının mərkəzi serverində yerləşir. Elektron məlumat bankına hər bir uşaq barədə fərdi məlumatlar daxil edilir. Elektron məlumat bankına uşaq barəsində məlumatlar daxil edən mərkəzi və yerli icra hakimiyyəti orqanları yalnız bu Qaydanın əlavəsindəki formaya uyğun elektron anketin öz səlahiyyətlərinə aid hissələri üzrə bəndləri doldururlar. Elektron məlumat bankı elektron anketə daxil edilmiş məlumatlara əsasən statistik hesablama sisteminə malikdir. Məsələn, məlumat bankının proqramında statistika bölməsinə daxil olmaqla, “a) sağlamlıq imkanları məhdud uşaq” və “b) idman nailiyyətləri olan uşaq” menyularını seçdikdə, idman nailiyyətləri olan sağlamlıq imkanları məhdud olan uşaqların adları və onların sayı barədə məlumat almaq olur. Uşaqların adları üzərinə daxil olmaqla, həmin uşağın elektron anketinə baxmaq mümkündür. Eyni zamanda, uşaq hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin təsnifatını və həmin şikayətlərin icraatını nəzərdən keçirmək də mümkündür. Məlumat bankında fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada həyata keçirilir.

 

Elektron məlumat bankının idarə olunmasına, məlumat bankına məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti məlumat bankının administratoru həyata keçirir. Elektron məlumat bankının administratoru Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Elektron məlumat bankının administratoru elektron məlumat bank sisteminin təhlükəsizliyinə cavabdehlik daşıyır.

Elektron məlumat bankının administratorunun vəzifələri aşağıdakılardan ibarətdir:

- elektron məlumat bankının fasiləsiz fəaliyyətini və daxil edilən məlumatların mühafizəsini təmin edir;

- işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət edir;

- mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini verir, elektron məlumat bankının mühafizəsini təmin etmək məqsədi ilə istifadəçinin adının, parolunun və digər parametrlərinin dəyişdirilməsi üçün tədbir görür;

- elektron məlumat bankında qeydiyyata alınmış uşaq barəsində məlumatları mərkəzi serverə daxil edir;

- məlumatların işçi stansiyalardan ötürülməsinə nəzarət edir;

- bütün işçi stansiyalarda çalışacaq operatorlar tərəfindən proqram təminatından effektiv istifadə olunması üçün treninqlər həyata keçirir;

- müvafiq statistik məlumatlar hazırlayır və təhlillər aparır.

Aşağıdakı hallarda işçi stansiyasının fəaliyyətini məhdudlaşdırır və ya dayandırır:

- serverə virus hücumları olduqda;

- texniki problemlər yarandıqda;

- serverə səhv məlumatlar göndərildikdə.

 

Elektron məlumat bankına məlumatların vaxtlı-vaxtında daxil edilməsinə nəzarət etmək və oradan məlumatların alınmasını təşkil etmək üçün elektron məlumat bankının istifadəçisi olan orqanlarda cavabdeh şəxs və məlumatları banka daxil etmək və oradan məlumatları almaq səlahiyyətinə malik operator təyin edilir. Cavabdeh şəxs elektron məlumat bankına daxil edilmiş məlumatların düzgünlüyünü, onlarda müvafiq dəyişikliklərin mütəmadi olaraq aparılmasını təmin etməlidir. Operator elektron məlumat bankının administratoru tərəfindən müəyyən edilən və ona təhvil verilən istifadəçi adına, parola və digər bağlantı parametrlərinə malik olur. İstifadəçilər öz fəaliyyət istiqamətlərinə aid olan informasiyaları xüsusi proqram təminatı vasitəsilə dolduraraq məlumat bankının mərkəzi serverinə ötürürlər. Məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə istifadəçi həmin məlumatı 3 (üç) gün müddətində müvafiq qaydada mərkəzi serverə ötürür və ya elektron daşıyıcılarla administratora çatdırır. İstifadəçi mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq, yalnız özlərinə aid məlumatlara sərbəst çıxış əldə edə bilər. Cavabdeh şəxs və operator vəzifəsini icra edən şəxslər digər şəxslərlə əvəz edildiyi təqdirdə istifadəçi bu barədə administratora dərhal məlumat verir.

 

Dövlət orqanları, hüquqi və fiziki şəxslər məlumat bankından məlumat almaq üçün bilavasitə məlumat bankının administratoruna sorğu vasitəsilə müraciət edirlər. Daxil olan sorğu administrator tərəfindən öyrənilir və sorğunun daxil olduğu gündən 7 (yeddi) iş günü müddətində onun icrası təmin edilir. Məlumat bankından statistik məlumatlar adsızlaşdırılmış şəkildə verilir. Fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” qanun ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Məlumat bankında toplanmış məlumatların konfidensiallığı administrator tərəfindən təmin edilir.

 

Bu Qayda qüvvəyə mindiyi tarixədək istifadəçi tərəfindən dövlət orqanlarında hər bir uşağa dair mövcud olan məlumatlar 6 (altı) ay müddətində elektron məlumat bankına daxil edilməlidir. Elektron məlumat bankında qeydiyyata alınmış uşağın elektron anketi 18 yaşına çatdıqdan 25 il sonra məhv edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar