“Prezidentin sosial sahələrin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanda aparılması mümkün ola bilməyən bir əməliyyat və ya tibbi prosedur yoxdur”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. O deyib ki, Azərbaycanda artıq orqan nəqli prosesi həyata keçirilir. Hazırda sümük iliyinin transplantasiyası ilə bağlı Talassemiya Mərkəzində hazırlıq işləri aparılır: “Yaxın vaxtlarda Azərbaycanda sümük iliyinin transplantasiyasını həyata keçirmək mümkün olacaq. Bundan əlavə, Azərbaycanda çox uğurlu ürək əməliyyatları həyata keçirilir. Son illərdə istifadəyə verilmiş Elmi Cərrahiyyə Mərkəzində 700-ə qədər uşaq və böyük üzərində əməliyyatlar keçirilib”.
E. Ağayev bəzi insanların müalicə üçün xarici ölkələrə üz tutması və ya Azərbaycana gələn xarici mütəxəssislərə müraciət etməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Azərbaycana gələn xarici və ya ölkədə çalışan yerli mütəxəssislərə müraciət etmək və yaxud müalicə olunmaq üçün xarici ölkələrə getmək insanların hüququdur. E.Ağayev qeyd edib ki, ildən-ilə də hansısa xəstəliklərlə əlaqədar Azərbaycandan kənara gedən insanların sayı azalır və bundan sonra da azalacaq: “Xarici mütəxəssislərin Azərbaycana gələrək burada fəaliyyət göstərməsi isə qanunla tənzimlənməlidir. Onlar ancaq Səhiyyə Nazirliyinin verdiyi icazə şəhadətnaməsi və Dövlət Miqrasiya Xidmətinin əmək fəaliyyəti ilə məşğul olması üçün verdiyi viza nəticəsində Azərbaycanda fəaliyyət göstərə bilərlər”.