Azərbaycanda ilk dəfə olaraq, suda doğuşun həyata keçirilməsinə başlanılıb. Bu yenilik Respublika Diaqnostika Mərkəzində tətbiq edilir. Mərkəzin mama-ginekologiya şöbəsinin müdiri Nonna Əhmədova Trend-ə bildirib ki, suda doğuş bir çox dünya ölkələrində tətbiq edilsə də, Azərbaycanda həyata keçirilmirdi. Onun sözlərinə görə, suda doğuş xüsusi vannalarda keçirilir. Bu üsulla doğuş zamanı qadının əzələlərində elastiklik əmələ gəlir və sancı çəkən qadın ağrı hiss etmir: "Bu, ağrısızlaşma məqsədilə edilir. Qadın suda olarkən monitorla onun ürək döyüntülərinə də nəzarət edilir. Doğuş zamanı da uşaq birbaşa suyun içinə doğulur. Bu, ana bətnindən azad olan uşağın adaptasiyasına kömək edir. Uşaq bu doğuş zamanı travma da almır. Əgər uşağı suda buraxsaq, o, batmayacaq, balıq kimi üzəcək. Çünki uşaq nəfəsini dərəndən sonra onun ciyərləri açılır".
O əlavə edib ki, bu üsulla doğuşdan hələlik yalnız Azərbaycanda yaşayan bir necə xarici ölkə vətəndaşı istifadə edib. Ancaq onlar da bu üsuldan sancının azaldılması üçün istifadə ediblər, uşaqlarının birbaşa suyun içində doğulmasından qorxublar. N.Əhmədova deyib ki, ümumiyyətlə, Azərbaycanda son vaxtlar qadınlar keysər əməliyyatı vasitəsilə uşaq dünyaya gətirməyə üstünlük verirlər.