Bu gündən 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları başlanır. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, imtahanlar bir həftə davam edəcək. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndəriləcək.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçiriləcək. İmtahanın gedişinə video-nəzarət ediləcək.
Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün iyulun 30-dan müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.