Son günlər Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsinin səbəbi ölkə ərazisinə şimal-qərbdən daxil olan soyuq hava kütlələri ilə bağlıdır.
Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev söyləyib.
Asif Verdiyev deyib ki, əksər rayonlarda, Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-stabil olub, qərb küləyi arabir güclənib. İyunun 6-dan 9-dək əksər rayonlarda yağış yağıb. Böyük Qafqaz ərazisinə daha çox yağıntı düşüb. Kiçik Qafqazın bəzi ərazilərində də yağışlar qeydə alınıb. Yağan yağışlar nəticəsində əksər çayların səviyyəsində artım qeydə alınıb. Böyük Qafqazın Balakən-Şəki bölgəsinin ərazisindən axan bəzi çaylarda qısa müddətli daşqınlar olub.
Asif Verdiyev şimal-qərb küləyinin gün ərzində davam edəcəyini söyləyib. İyunun 12-si gündüzdən başlayaraq şimal-qərb küləyi mülayimləşəcək. Sonrakı günlərdə, iyunun 13-14-də Bakıda və Abşeron yarımadasında hava az buludlu və yağmursuz olacaq, cənub küləyi üstünlük təşkil edəcək. Ümumiyyətlə, iyunun 12-dən başlayaraq ölkə ərazisində hava mülayim keçəcək və temperatur rejimində yüksəlmə müşahidə olunacaq.