“Müəllimlərin işə qəbulu qaydaları və yerdəyişməsi təhsil nazirinin əmri ilə tənzimlənir. Müəllimlərin işə qəbulu 3 mərhələdə aparılacaq”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini İlham Nağıyev qeyd edib. O bildirib ki, ilkin mərhələdə müəllimlərin bir şəhər və rayon daxilində iş yerini dəyişməsi həyata keçirilib: “Hazırda müəllimlərin bir şəhərdən digərinə yerinə dəyişməsi ilə bağlı sənədlərin qəbulu aparılır. Namizədlər yerini dəyişmək üçün bu gündən “Elektron ərizələr”i doldururlar. Ərizə qəbulu başa çatandan sonra onlarla müsahibə aparılacaq. Əgər hər hansı vakansiya üzrə 1-dən artıq namizəd sənəd verərsə, onların peşəkar bilikləri ilə bağlı qiymətləndirmə də olacaq”.
Şöbə müdirinin müavini qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə 2600-ə yaxın vakant yer elan olunub. Müəllimlərin yerdəyişməsi prosesi aparılandan sonra həmin yerlər bir daha təhlil olunacaq və yəqin ki, yerlərin sayında müəyyən azalma olacaq. İyulun 1-dən 15-dək təkrar vakant yerlər elan olunacaq. “Hazırda Azərbaycanda ən çox yerini dəyişmək istəyənlər ibtidai sinif müəllimləridir. Bölgələrdən Bakıya yer dəyişmək istəyənlər müəllimlər çoxdur. İnanırıq ki, müsabiqənin nəticəsi olaraq ən layiqli namizədlər yerlərini dəyişəcək”.