Azərbaycanda daha bir ana ölümü qeydə alınıb.
Lent.az-ın məlumatına görə, ötən gün 7 saylı Doğum Evində uşağını dünyaya gətirən Turanə Məmmədova kəskin qan itirmə nəticəsində dünyasını dəyişib.
Mərhumun yaxınlarının bildirdiyinə görə, xəstənin qan analizləri müayinə olunmadan onu qeysəriyyə əməliyyatına götürüblər: "Xəstənin qanında trombositlər çox aşağı olub. Belə halda isə qeysəriyyə əməliyyatı etmək riskli sayılır. Doğuş baş tutub və Turanənin oğlu dünyaya gəlib. Doğuş sonrası xəstənin qanaxması dayanmayıb. Həkimlər qanaxmanı dayandırmaq üçün uşaqlığını götürüblər, amma nəticəsi olmayıb. Nəticədə xəstə kəskin qan çatışmazlığından dünyasını dəyişib".
Xəstənin yaxınları bu işdə həkimləri günahlandırır və onların məsuliyyətsiz davrandıqlarını iddia edirlər.
Baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a bildirib ki, Turanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub: “Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında qadın ölüb”.
S.Əhmədova onu da qeyd edib ki, meyitin patoloji anatomik müayinəsi təşkil edilib: “Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək”.