Azərbaycanda cəmi 116 049 uşaq bağçaya gedir
26 noyabr 2015 20:08 (UTC +04:00)

Azərbaycanda cəmi 116 049 uşaq bağçaya gedir

“Təəssüf ki, məktəbəqədər müəssisələrin sayı kifayət qədər deyil”...

“Təhsil Nazirliyi özəl məktəbəqədər müəssisələrdəki qiymətlərə müdaxilə edə bilməz”...

“Ölkənin 75,5 faizində məktəbəqədər təhsil müəssisəsi çatışmır”...

“Məktəbə hazırlıq zamanı uşaqlara yazıb-oxumağı, hesabı öyrətmək artıq yükdür”...

“Heç bir kollektivdə olmayan, birbaşa ailədən gələn uşaqlar məktəbə adaptasiya zamanı çox çətinlik çəkirlər”...

“Məktəbə getmək üçün ən ideal yaş 6 yaşdır, 5 yaşlı uşaqlar əvvəlcə məktəbə həvəslə getsələr də, sonra tez həvəsdən düşürlər”...

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.

Nərminə Alnağıyeva məktəbəqədər təhsil müəssisələrinin az olduğunu qeyd edib: “Hazırda ölkədə 1706 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bura 116049 uşaq cəlb olunub. Bunlardan 76-sı özəl müəssisələrdir ki, burada 2500 uşaq tədrisə cəlb olunub. Dövlət tərəfindən məktəbəqədər təhsil sahəsinə xüsusi diqqət artırılıb. Yeni uşaq bağçalarının tikintisi, eyni zamanda məktəbəqədər tədris müəssisələrində təmir işləri getsə də, ancaq bu, kifayət deyil”.

Nazirliyin  sektor müdiri özəl müəssisələrin qiymət siyasətinə TN-nin müdaxilə etmək səlahiyyəti olmadığını deyib: “Təhsil Nazirliyi özəl məktəbəqədər müəssisələrə lisenziya verir, bu müəssisələrdə məzmun, forma bir-birini tamamlayır. Özəl bağçalar maddi texniki bazasına görə fərqlidir. Burada işə təyin olunan kadrları müəssisənin özü seçir, yalnız diplomla kifayətlənmir, müəyyən testlər hazırlayır. Nazirlik özəl müəssisələri normativ hüquqi sənədlərlə təmin edir, pedaqoji fəaliyyətə kömək edir. Lakin TN qiymətə təsir edə bilməz, bu, sahibkar müəssisəsidir, burada göstərən xidmətlərə görə qiymətlər dəyişir. Məsələn, əlavə dərnəklərin təşkili, xarici dilin öyrədilməsi, uşağın evə aparıb-gətirilməsi üçün marşrutun təşkili və s. Sahibkar qoyduğu sərmayəyə uyğun olaraq qiyməti müəyyənləşdirir”.

Nərminə Alnağıyeva regionlarda da uşaq bağçalarının çatışmadığını bildirib: “Apardığımız araşdırma və təhlillərin nəticəsinə görə, ölkənin 75,5 faizində məktəbəqədər təhsil müəssisəsi çatışmır. Bu problemi aradan qaldırmaq üçün biz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində işləyirik, bu yay YUNİSEF 3 rayonda -  Gədəbəy, Şabran və Yardımlıda 10 həftəlik məktəbəhazırlıq qrupları təşkil etdi. Keçən ildən Bakı şəhərində ümumtəhsil məktəblərində məktəbə hazırlıq kursları təşkil olunub. Keçən il bu, 89 məktəbdə təşkil olunmuşdusa, bu il isə 133 məktəbi əhatə edib. Oradakı təlim məktəbəqədər təhsilin kurikulumu əsasında təşkil olunub”. 

Mütəxəssis uşaqların məktəbə hazırlığı prosesinə bəzən pedaqoqların yanlış yanaşdığını bildirib: “Bəzən məktəbəqədər təhsil müəssisəsində işləyənlər elə bilir ki, uşaq çoxlu şeir deyə bilirsə, bütün hərfləri oxuyub, yazırsa, müxtəlif yazı əməliyyatları yerinə yetirirsə, artıq uşaq məktəbə hazırdır. Amma burada sual yaranır ki, bəs uşaq məktəbdə nə ilə məşğul olacaq? Mən hesab edirəm ki, bu, uşağa artıq yükdür. Dövlət standartında çox aydın yazılıb ki, uşaq kəsmə əlifba ilə hərfləri düzə bilər, vizual tanıya bilər, hecaya ayıra bilər, amma sait-samit səslərin öyrədilməsi düzgün deyil. Eləcə də uşağa yazı yazmağı ancaq ibtidai sinif müəllimi öyrətməlidir”.

Nərminə Alnağıyeva məktəbəqədər hazırlıq zamanı əsas vəzifənin uşağı psixoloji cəhətdən hazırlamaq olduğunu bildirib: “İstər məktəbəqədər müəssisə, istərsə də dərnəkdə, ilk növbədə, uşaq psixoloji hazırlığı keçir. Bu zaman uşaq məktəbdə adaptasiyanı daha yüngül keçirir. Uşağın yaş səviyyəsinə hazırlıq keçilməlidir. Dərnəklərdə fəaliyyət göstərən pedaqoqlar məktəbəqədər kurikulumun dövlət standartını bilməlidirlər. Uşağı vaxtından əvvəl lazımsız informasiya ilə yükləmək yersizdir”.

Qonaq uşaqların məktəb yaşı ilə bağlı fərqli yanaşmalara da münasibət bildirib: “Təhsil qanununa görə, 6 yaşı sentyabr ayının 15-ə qədər tamam olan uşaqlar məktəbə gedə bilər. Bu yaş ən ideal dövrdür, praktika göstərir ki, 5 yaşlılar emosional həvəslə məktəbə getsələr də, qısa müddət sonra tez yorulurlar. Çünki o fizioloji cəhətdən yükə tab gətirmir”.

Nazirik rəsmisi son illər rusdilli qruplara tələbatın artdığını da deyib: “Son illər rus qruplarına ehtiyac, maraq artıb. Amma evdə Azərbaycan diliində danışan bir ailədə böyümüş uşağın bağçada rus dilli təhsil alması, sonra isə məktəbə Azərbaycan bölməsinə getməsi çaşqınlıq yaradır. Lakin valideynlərin çoxsaylı müraciətləri olduqda, bağçada rus qrupu açılır”.

Nərminə Alnağıyevanın sözlərinə görə, bağçalarda məcburi köçkünlərin məskunlaşması da ciddi problemə səbəb olur: “Məktəbəqədər müəssisələrdə məskunlaşmış qaçqın və köçkün ailələrdə əgər əvvəl 5 üzv var idisə, artıq 10 nəfərə çatıb, yəni ailələr böyüyür. Dövlət bu ailələri etapla daimi yaşayış yeri ilə təmin edir. Bu  qrupların boşalması yerlərin genişlənməsinə səbəb olar. Hətta bəzi müəssisələrimizdə təhsillə  əlaqəsi olmayan təşkilatlar yerləşdirilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar