Azərbaycanda bəzi məmurlara xüsusi cəzalar tətbiq olunacaq
16 sentyabr 2014 16:30 (UTC +04:00)

Azərbaycanda bəzi məmurlara xüsusi cəzalar tətbiq olunacaq

Azərbaycanda sahibkarlar üzərində qanunsuz yoxlamalar aparan, o cümlədən aparılan yoxlamalarda qaydaları pozan məmurlarla bağlı xüsusi cəzalar müəyyənləşir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə ayrıca 348-8 maddəsi əlavə olunur.

 

Yeni layihəyə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 5 min manata qədər cərimə olunacaqlar.

 

Həmçinin bu yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə  görə də cərimə müəyyənləşdirilir. Eyni zamanda vahid məlumat reyestrində qeydiyyata alınmış, lakin hər hansı səbəbdən aparılmamış yoxlama barədə səbəbləri göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi də cərimə tətbiqinə səbəb olacaq. Yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə olunacaqlar.

 

Yoxlayıcı orqan və yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə, vəzifəli şəxslər 500 manatdan 1500 manata qədər cərimə olunacaqlar.

 

Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsinə, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər cərimə olunacaqlar.

 

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3785
avatar

Oxşar yazılar