Azərbaycan və Latviya sığorta-pensiya sahəsində əməkdaşlıq edəcək
24 aprel 2013 12:44 (UTC +04:00)

Azərbaycan və Latviya sığorta-pensiya sahəsində əməkdaşlıq edəcək

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Latviyanın Sosial Rifah Nazirliyinin dövlət katibi İyeva Jaunzeme ilə görüşüb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Səlim Müslümov ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi barədə ətraflı məlumat verib.

 

Avropaya inteqrasiya yolunu seçmiş Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə institutlarının yaradılmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini deyən DSMF sədri bu gün Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin Avropa Sosial Xartiyasında nəzərdə tutulan göstəricilərə çatdığını, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını bildirib. Sığorta-pensiya sahəsində digər ölkələrlə əməkdaşlıq məsələlərinə də toxunan Səlim Müslümov qeyd edib ki, bu sahədə əsas istiqamətlərdən biri xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınması məsələsidir. Hazırda Azərbaycanın pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzaladığı 10 saziş uğurla tətbiq olunur. Səlim Müslümov Latviya ilə də bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini zəruri sayıb. DSMF sədri nəzərə çatdırıb ki, ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Hazırda fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 14 min 951 nəfər təşkil edir ki, onların da 14 nəfəri Latviya vətəndaşlarıdır. Səlim Müslümov görüşdə sığorta - pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan və qarşıda duran əsas vəzifələrdən, Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatı istiqamətində görülən işlərdən də danışıb.

İyeva Jaunzeme Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında sığorta-pensiya sahəsi üzrə əməkdaşlıq istiqamətində mövcud imkanlar nəzərdən keçirilib və bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar