Gəncə şəhər Oftalmoloji Xəstəxanasına Tovuz sakini hər kəsi təəccübləndirəcək şikayətlə müraciət edib. Lent.az-ın KəpəzTV-yə istinadən məlumatına görə, Türkan Həsənova gözündə yad cisimlərin əmələ gəldiyini deyib. Gənc qadın bir saat aralıqla gözündə kristallar əmələ gəldiyini bildirib. Onun sözlərinə görə, bu problem artıq iki ildir onu narahat edir. Bu günədək bir çox həkimlərə müraciət etsə də, kristalların əmələ gəlmə səbəbini və qarşısını almaq yollarını tapan olmayıb: “Hansı həkimə gedirəmsə, təəccüblənirlər. Deyirlər, dərdinin dərmanı yoxdur. Sonra Tələt həkimin yanına gəldim. Baxdı, o da gördü ki, gözümdə yad cisimlər əmələ gəlir”.
Gəncə Oftalmoloji Xəstəxanasının həkimi Tələt Nəbiyev isə bildirib ki, xəstənin müraciəti onları təəccübləndirib. Prosesi izləmək üçün bir saat ərzində T. Həsənovanın gözündə müayinə aparılıb və kristalların əmələ gəlməsi müşahidə edilib: “Bir saat gözləyəndən sonra xəstə dedi ki, gözümdə ağrı olur. Batma hissi yaranır, qıcıqlanır, yaş gəlir. Dərhal mikroskopda baxdıq, fiksə etdik. Gözündə şüşəyəbənzər yad cisim əmələ gəldi. Bu proses təxminən 3-4 dəqiqə çəkir. Xəstənin sözlərinə görə, bu hər zaman olmur. Bəzən bir ay ərzində, bəzən bir neçə gün”.
Xəstənin gözündən çıxan yad cisimlər analiz edilməsi üçün laboratoriyaya verilib. Analizin nəticələrinə əsasən T. Həsənova başqa müayinələrə cəlb ediləcək. Yalnız bundan sonra gözdə kristalların hansı səbəbdən əmələ gəldiyi aydınlaşacaq.