Azərbaycan qadını statistikalarda
08 mart 2015 15:47 (UTC +04:00)

Azərbaycan qadını statistikalarda

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini, yaxud 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edir.

Lent.az komitəyə istinadən xəbər verir ki, qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası fəaliyyət göstərir. Qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş çoxdur və 76,8 yaşa bərabərdir.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76,6, orta ixtisas təhsili müəssisələrində 75,1, ali təhsil müəssisələrində 48,8, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumtəhsil müəssisələrində şagirdlərin 45,8, orta ixtisas təhsili müəssisələrində oxuyanların 67,4, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizini qızlar təşkil edir.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 50, bütün elmi işçilərin isə 53,2 faizi qadınlardır. Son 5 ildə tədqiqatlarla məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 15,6 faizə çatıb.

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil etmişdi.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2014-cü ildə 10278 nəfərə çatıb.

Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar